Kaxaber Sxadadze təzadlı məşqçi və insandı. Gənc yaşlarından Azərbaycanda işləyib. "Standard, sonra da "İnter". İndi də aydın səmada şimşək effekti ilə "Qəbələ"də peyda oldu. Bilmirəm, ani təyinat oldu, yoxsa öncədən hazır variant kimi kənarda gözləyirdi, amma fakt odur ki, təyinat reallaşdı. Böyük ehtimal onun gəlişində "İnter"də bir yerdə çalışdığı Səbuhi Səfiyarlının da xüsusi rolu olub. Baxmayaraq ki, Səbuhi "İnter"dən məhz Kaxaya görə ayırılmışdı, amma görünür bütün umu-küsülər çoxdan unudulub. Məsələ nədir?

 

Kaxanın təzadlı insan və məşqçi olmasını əbəs yerə qeyd etmədim. Bu gün 56 yaşı var və hazırkı xarakteri necədi, deyə bilmərəm. Amma ilk dəfə Azərbaycana gələndə cavan idi, 40 yaşı var idi. Əksəriyyət onu kobud, özündənrazı biri kimi xatırlayr. Mətbuat konfranslarında dəfələrlə qalmaqal yaşanıb. Futbolçulara qarşı da çox kobud olub, hətta söyüş söyməkdən belə çəkinməyib. Səhv etmirəmsə, klub rəhbərlərindən biri bir dəfə onu kənara çəkib demişdi ki, sənin bu söyüşünü legionerlər normal qarşılayır, amma azərbaycanlılarda pis qarşılanır, bunu nəzərə al.

 

Məşqçi kimi xarakterizə etsək, mənə görə, pis məşqçi deyil. Amma bəziləri tərəfindən şişirdildiyi qədər güclü də deyil. Məsələn, onun dövründə "İnter" ölkənin ən varlı 2-3 klubundan biri idi. Pul saman kimi idi, "İnter"də oynayan legionerlər maaş almağa çemodanla gedirdilər. "İnter"in bəlkə 3 komandaya yetəcək qədər heyəti var idi. Amma komanda ciddi bir uğur qazana bilmədi. Xüsusilə avrokubokları nəzərdə tuturam. Məsələn, "İnter" maddi sıxıntı yaşayan dönəmdə komandanı ilk tərk edən məhz Kaxa olmuşdu və onu əvəz edən Svanadze avrokuboklarda 2 mərhələ keçib 3-cü mərhələdə "Atletik" Bilbaoya uduzaraq mübarizəni dayandırmışdı (0:2, 0:0). Yəni deməyim odur ki, "milyoner "İnter"lə ciddi uğur qazana bilməyən birinin ciddi maddi sıxıntı yaşayan və 8 xallıq fərqlə aşkar autsayder mövqeyində qərarlaşan "Qəbələ"ni Premyer Liqada saxlayacağı inandırıcı deyil.

 

Amma bu keçiddə barmaqları dişlədən bir məqam da var. Sxadadze ilə müqavilə 1.5 illik bağlanıb. Sanki bu müqavilənin arxasında növbəti mövsümə hesablanmış planlar var. Məlumdur ki, mart ayında AFFA-ya prezident seçkiləri olacaq və bu seçkidən sonra Premyer Liqada komanda sayının artımı da gündəmdədir. Bizə də bununla bağlı ciddi məlumat daxil olmuşdu və bu haqda yazmışdıq. Kaxanın bu təyinatı və 1.5 illik müqavilə bağlamağı da yaxşı mənada şübhələri artırır. "Qəbələ" rəhbərliyi də elə-belə insanlar deyil, güman ki, bir bildikləri var. Açığını deyim, "Qəbələ" rəhbərliyi əmin olsaydı ki, idman prinsipləri qorunacaq və sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, çətin ki, Sxadadzeni bura gətirərdi. Heç Kaxa özü də bu durumda bu "Qəbələ"yə gəlməzdi. Hər halda, subyektiv fikirlərimi yazdım, reallıq necə olacaq, görərik.

 

Anar XANLAROV