Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan Alassane Ndaonu, “Başakşəhər”dən isə Cemali Serteli heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki oyunçu 1 illik icarəyə götürülüb.

Alassane Ndao ötən mövsümün ikinci dövrəsində də icarə əsasında məhz Antalya təmsilçisinin uğurları üçün çalışıb. Bu ilin əvvəlində sözügedən kluba keçən seneqallı vinger meydana çıxdığı 15 oyunda 3 qol vurub. Seneqal yığmasında 3 oyuna 1 qol vurmuş 25 yaşlı futbolçu, 2020/21 mövsümündə Türkiyədə “Fatih Karagümrük” klubunun da formasını geyinib.

Cemali Sertel peşəkar karyerasına “Əskişəhərspor”da başlayıb. 22 yaşlı sol cinah müdafiəçisi 2019-cu ildən “Başakşəhər”də çıxış edirdi. Lakin o, bu müddətdə bir mövsüm icarə əsasında yenidən “Əskişəhərspor”da çıxış edib, ötən mövsümü isə “Rizəspor”da keçirib. Sertel Türkiyənin U-19 və U-21 yığmalarında da oynayıb.

“Antalyaspor” braziliyalı mərkəz müdafiəçisi Naldo ilə də yollarını ayırıb. 33 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Taavun” klubuna transfer olunub. O, yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Naldo 2020-ci ilin yayından Türkiyə klubunun uğurları üçün çalışırdı. Təcrübəli müdafiəçi daha öncə “Espanyol”, “Krasnodar”, “Sportinq”, “Xetafe”, “Udineze”, “Bolonya”, “Qranada”, “Qremio”, “Kruzeyro”, “Ponte Preta”, “Unian San Xoan” kimi klubların da formasını geyinib.