Hazırda Azərbaycanda III MDB Oyunları gedir, bitməyinə 2 gün qalıb. Göz ardı etsək də və o qədər diqqət mərkəzinə gəlməsə də, bu yarışın bizə çox böyük xeyri dəydi, dəyəcək. İşin siyasi tərəfini qırağa qoyuram, bu məni (bizi) maraqlandırmır. Mənə idman lazımdı. O da ki öz səmərəsini görür. İstənilən multi-oyunların onu keçirən dövlət üçün çox sayda xeyri, səmərəsi olur. Bu barədə yazmaq istədim.


Birincisi, cari. Bu gün bu yarışda iştirak elədik, çoxlu medal qazandıq, mənəvi-psixoloji üstünlük əldə etdik, idman təbliğ olundu, bu qələbələri izləyən yeni nəsil boş vaxtını pis məşğuliyyətlərə yox, idmana, sağlamlığa yönəltmək qərarına gəldi. Bunun əhəmiyyəti haqda çox danışmağa ehtiyac yoxdu. 


İkincisi, orta müddətli. Böyük yarışlar başqa ölkələrdə, adətən uzaqda keçirildiyindən yığma komandalarımız ora geniş heyətlə qatıla bilmirlər. Çünki bu böyük xərc tələb edir. Əsasən ən yaxşılar seçilir, turnirə göndərilir, nəticəyə hesablanmış addım atılır. Doğru qərardı, belə olmalıdı. Ancaq o siyahıya düşməyən, ən güclülərdən olmayan, amma yaxşı idmançılar ciddi rəqabətə tab gətirə bilmir və beynəlxalq təcrübə qazanmaq şansı əldə etmirlər. Doğma meydanda keçirilən multi-oyunlar isə bu baxımdan ideal variantdı. Belə yarışlarda ölkəmiz geniş heyətlə çıxış edə, daha çox idmançıya yol aça bilir. Bu, yaxın perspektivdə həmin idmançıların qazandıqları beynəlxalq yarış təcrübəsini medallara çevirmək üçün ən yaxşı körpü rolunu oynayacaq. 


Üçüncüsü, orta və uzunmüddətli. Bu tip yarışlarda qazanılan təşkilatçılıq təcrübəsi əvəzolunmazdı. Burada çalışan könüllülər, texniki heyət, müxtəlif rəhbər və digər əlaqəli şəxslər bir çox məqamlarda sınaqdan keçir, ixtisaslaşmağa doğru böyük addım atırlar. Məsələn, bu MDB Oyunlarında media işi ən yüksək səviyyədə təşkil olunub. Buna görə öz adımdan onlara təşəkkür edirəm. Bunu edə bilən qrup sabah daha böyük yarışları, daha böyük qeyri-idman tədbirlərində də işlərinin öhdəsindən gələcəklər. 


Dördüncüsü, strateji. Burada ən əsas məsələ infrastrukturdu. Sırf bir dənə Gəncə stadionunun tikilməsinə görə bu yarışın ölkəmizdə keçirilməsinə sevinmək olar. MDB Oyunları olmasaydı, 20 ildi növbəsini gözləyən arena bəlkə hələ uzun müddət elə üzü günə qalacaqdı. Bir ilə mənə elə gəlir ki, Azərbaycanın ən gözəl stadionu tikildi. İndi "Kəpəz" müasir arenada oynayacaq, azarkeşlər matçları daha rahat, komfortlu şəkildə izləyəcəklər. Yaxın yerlərdə olan digər klublar da bu arenanın imkanlarından istifadə edəcəklər, futbolun inkişafına müsbət bir təkan gələcək. Xankəndi stadionu bu yarışa görə yenidən quruldu, Yevlax Olimpiya Kompleksi hazır edildi, Qəbələ Olimpiya Kompleksi təmir edildi, Şəki şəhər stadionu təmir edildi. Siyahını uzada bilərik. Bizə qalan məhz bu olacaq. Ən azından biləcəyik ki, əlimizin altında qurğular var, onlardan istifadə edə biləcəyik. Bu cür obyektlərin tikintisi, təmiri, yenidənqurması ölkə idmanın strateji inkişafı üçün təməl rolunu oynayacaq.