
“Şkendiya” ilə matçda xarakter göstərməliyik” - Qurbanov
- 04 Avq 2025 21:31
- 41
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında iştirak edib.
Rekord.az xəbər verir ki, təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Sabah çox çətin oyuna çıxacağıq. İlk görüşün Şimali Makedoniyada keçirilməsi rəqib üçün üstünlükdür. Çempionlar Liqasında iki ardıcıl qələbədən sonra öz meydanlarında ruh yüksəkliyi ilə çıxış edəcəklər. İstəkli komandaya qarşı mübarizə aparacağıq. Sabahkı oyuna tam hazırıq. Sabah bu komandaya qarşı öz xarakterimizi göstərməliyik. Bakıya sərfəli nəticə ilə dönmək istəyirik".
O, "Şkendiya"nın Çempionlar Liqasının II təsnifat mərhələsində “Styaua” (Rumıniya) komandasına qarşı keçirdiyi iki oyunu izlədiyini bildirib:
"İndiki vəziyyətdə rəqibimizin zəif və güclü tərəflərini açıqlamağa ehtiyac yoxdur. Sadəcə öz beynimizdə qurduğumuz oyun planını icra etməliyik. Rəqibə istədiyi oyunu sərgiləməsi üçün imkan verməməliyik. "Şkendiya"ya qarşı 90 dəqiqə diqqətli olmalıyıq".
Avqustun 5-də Şimali Makedoniyadakı “Todor Proeski” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçı isə saat 20:00-da başlayacaq.