Siyəzən şəhər stadionunun idman zalında "Xocalı soyqırımı günü"nə həsr olunmuş cüdo idman növü üzrə 2009-2010-cu il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və Rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 40-a yaxın yeniyetmə cüdoçu 8 çəki dərəcəsində qüvvəsini sınayıb.

Birinciliyin açılış mərasimində soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək Xocalı dəhşətləri barədə yarış iştirakçılarına məlumat verilib. Yarış soyqırım qurbanlarının xatirəsinin yad olunması, yeniyetmələrin vətənpərvərlik ruhunun yüksəldilməsi, qan yaddaşımızın gənc nəsil arasında təbliği, həmçinin cüdo idman növünün inkişaf etdirilməsi məqsədi daşıyıb.

Yer tutan idmançılar təşkilatçılar tərəfindən diplomlarla təltif ediliblər.