
Sərbəst güləşimizin Zaqreb uğuru
- 20:11
- 56
13-21 sentyabr tarixlərində Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş dünya çempionatı davam edir. Artıq sərbəst güləşçilərimiz bu mötəbər yarışdakı çıxışlarını başa çatdırıblar. Sevindiricidir ki, onlar son dekadanın ən yaxşı nəticələrindən birini göstərməyi bacarıblar. Komandamız aktivinə 1 gümüş və 3 bürünc medal yazmaqla sərbəstdəki inkişaf dinamikasını yüksək nöqtəyə çatdırmağa nail olub.
Optimal heyət və 4 medal
Güləşçilərimiz mundiala baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında yollanmışdılar. Heyətdə İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Qadjiyev (79 kq), Arseniy Djioyev (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) yer almışdı. Zaqrebə optimal heyət və tam hazır vəziyyətdə yollanan komandamız uğurlu çıxışla yadda qaldı.
İlk olaraq Nürəddin Novruzov (61 kq) barədə. O, təsəlliverici görüşlərdə ekvadorlu Coşua Kramerə (10:0) və ukraynalı Kamil Kərimova (12:2) tam üstünlüklə qalib gəldi, bürünc medal uğrunda görüşdə isə Şimali Koreya təmsilçisi Kum Kimə heç bir şans tanımadı. Rəqibini “tuş”la üstələyən həmyerlimiz dünya üçüncüsü olmağı bacardı. Arseniy Djioyev (86 kq) təsəlliverici görüşdə ukraynalı Muxammed Aliyevə 7:2, bürünc medal uğrunda mübarizədə isə fransalı Raxim Maqamadova 7:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asdı. Günün son qarşılaşmasında Giorgi Meşvildişvili (125 kq) iranlı Amir Zareylə qarşılaşdı. Təmsilçimiz titullu rəqibinə 0:5 hesabıyla məğlub olaraq yarışı gümüş medalla başa vurdu. Növbəti gün daha bir sərbəst güləşçimiz fəxri kürsüyə qalxdı. Osman Nurmaqomedov (92 kq) isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Miriani Maysuradzeylə üz-üzə gəlib. Görüş boyunca üstün tərəf olan təmsilçimiz 5:1 hesablı qələbəylə dünya üçüncüsü olmağa nail oldu. Bununla da güləşçimiz analoji yarışlarda 4-cü medalını qazandılar.
Tarixi nəticələr
Sərbəst güləşdəki bu medallar özü ilə xoş rəqəmləri də gətirdi. Məlum oldu ki, medalların sayına görə bu növdə öz rekordumuzu təkrarladıq. Buna qədər yalnız 14 il əvvəl, daha dəqiq desək, 2009, 2010 və 2011-ci illərdə bu qədər medal qazana bilmişdik. Bununla yanaşı, komanda bu yarışda 4-cü yeri tutdu. Bu isə komanda hesabında son 10 ilin ən yaxşı nəticəsidir. Millimiz 83 xal toplayaraq, bu göstəricidə də öz rekordunu yenilədi. Qazanılan 4 medaldan 2-nin Olimpiya çəkilərində əldə edilməsi də qarşıdakı yarışda daha böyük uğurlar qazanılacağına ümid verdi.
Yüksəlişə doğru
Azərbaycanın ənənəvi güclü idman növlərindən biri olan sərbəst güləş son illərdə yeni yüksəliş dövrünü yaşayır. Gənc idmançıların inkişafı, peşəkar məşqçi heyəti və sistemli hazırlıq prosesi nəticəsində həm böyüklər, həm də gənclər və yeniyetmələr arasında qazanılan medalların sayı ildən-ilə artır. Doğru və məqsədyönlü idarəetmə nəticəsində intibah prosesi öz məntiqi sonluğuna çata bilir. Son illərdə regionlarda istedadlı güləşçilərin aşkarlanması işinə xüsusi diqqət yetirilib. Bu məqsədlə yeni açılan və təmir olunaraq müasir standartlara çatdırılan zalların sayının çoxaldılması, eyni zamanda, bölgələrdə keçirilən seçim yarışlarının sayının artırılması öz müsbət effektini verə bilib.
Əsas milli komandaların şəraitin yaxşılaşdırılması, mütəmadi təlim-məşq toplanışlarının təşkili, məkan olaraq həm yerli, həm də xarici məkanların seçilməsi də qeyd olunmalıdır. Müxtəlif hava və intensivlik şəraitində keçirilən məşqlər idmançılara Avropa və dünyanın istənilən nöqtəsində təşkil olunan yarışlara sürətli uyğunlaşma imkanı verir.
Təbii olan nəsil dəyişikliyi prosesinin sürətləndirilməsi üçün sabiq çempionlar, tanınmış güləşçilərin komandaya qoşulması da təmin edilib. Onların bölüşdükləri təcrübə həm tatamidə, həm də ondan kənarda ölkə güləşinin, xüsusilə də sərbəst güləşin inkişafına təkan rolunu oynayır. Belədə əsl komanda ruhu oyanır və qələbələrə doğru daha inamlı addımlar atılır.
Gələcəyə ümid var
Sərbəst güləşdə müşahidə edilən bu artım Azərbaycan güləş məktəbinin dirçəlişindən və sistemli yanaşmadan xəbər verir. Bu inkişaf tempi davam edərsə, yaxın illərdə həm dünya çempionatlarında qızıl həsrətimizə son qoyulacağı, həm də Olimpiya oyunlarında medallarımızın sayının artacağı real görünür. Güləş bizim üçün təkcə idman deyil, həm də milli ənənə və qürur məsələsidir. Azərbaycanı qarşıda böyük qələbələr gözləyir. Onların arasında güləşin də imzası olacağına şübhə yoxdur.
Yazar haqqında
