Azərbaycan Cüdo Federasiyası və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprelin 16-da Şağan Olimpiya İdman Kompleksində 350-dən çox uşaq və yeniyetmələr arasında cüdo üzrə rayon turniri təşkil olunub. Turnir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmiş, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rekord.az xəbər verir ki, turnirdə Xəzər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Teymur Həşimov, Şəhidin atası İlham Kazımov, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov, Xəzər RİHB Şağan qəsəbə İƏD üzrə nümayəndəsi Tərlan Dadaşov, hakimlər və idmançılar iştirak ediblər.

Yarışın keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin, onların ailə üzvlərinin xatirələrini uca tutmaq, cüdo idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idman və sağlam həyat tərzinin təbliğ olunması, cüdo idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, asudə vaxtın səmərəli təşkil edilməsi və zərərli vərdişlərin qarşısının alınmasıdır. Qalib idmançılara Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallar təqdim edilib.