"Düşünürəm ki çox yaxşı və məhsuldar bir təlim-məşq toplanışı keçirdik. Bizə yaradılan şərait, meydançalar, qaldığımız otel, bir sözlə hər şey möhtəşəm idi. Ən önəmlisi budur ki, toplanışı zədəsiz başa vurduq".


Rekord.az xəbər verir ki, bunu "Sumqayıt" baş məşqçisi Saşa İliç klubun mətbuat xidmətinə açıqlamasında deyib.


Serbiyalı mütəxəssis komandanın Qəbələ toplanışını dəyərləndirib:


"Sonuncu yoxlama oyununa gəlincə isə düşünürəm ki bu matç bütün oyunlarımızın arasında ən yaxşısı idi. Artıq komandam demək olar ki mənim nə istədiyimi dərk edir və ona uyğun çıxış etməyə çalışır. Əvvəlki matçlarda olduğu kimi burada da sadə vəziyyətlərdə səhvlərə yol verdik. Mövsümün ilk matçı üçün qarşıda 1 həftə vaxtımız var. Düşünürəm ki səhvlərimizin üzərində maksimum çalışıb "Kəpəz"lə oyuna tam hazır olacağıq".


"Sumqayıt" bu gün yoxlama matçında "Qəbələ" ilə 2:2 hesabı ilə heç-heçə oynayıb.