
Şamaxıda Milli Mətbuatın 150 illiyi ilə əlaqədar minifutbol turniri keçiriləcək
- 15:19
- 59
Azərbaycan Mətbuat Şurasında Milli Mətbuatın 150 illik yubileyi ilə bağlı 19-20 iyulda Şamaxıda təşkil olunacaq minifutbol turnirinin təqdimatı və püşkatma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə təşkilatçılarla yanaşı, yarışda mübarizə aparacaq komandaların nümayəndələri də iştirak ediblər.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Rəhimoğlu Milli Mətbuatın 150 illiyinin ölkə ərazisində geniş şəkildə qeyd olunduğunu diqqətə çatdıraraq jurnalistlərin iştirakı ilə belə bir turnirin keçirilməsinin vacibliyini vurğulayıb. Umud Rəhimoğlu bu yarışın Milli Mətbuat Gününə rəng qatacağını bildirib, gələcəkdə belə yarışların Qarabağ bölgəsində də təşkil oluna biləcəyini söyləyib.
Təşkilatçılarından olan İdman Araşdırmalar Mərkəzinin rəhbəri Elşən Məmmədov turnirin formatı barədə məlumat verib. O qeyd edib ki, yarışda iştirak edəcək komandalar Azərbaycanda XIX əsrdə nəşr olunan olunan ilk nəşrlər - "Əkinçi", "Ziya", "Kəşkül" və "Kaspi" kimi adlandırılıb.
Digər təşkilatçı olan "Yurd.Media"nın baş redaktoru Murad Əliyev çıxışında qeyd edib ki, turnirdə Bakıda fəaliyyət göstərən jurnalistlərlə yanaşı, bölgələrdə çalışan media nümayəndələri də iştirak edəcək. Jurnalistlər arasında müxtəlif yarışların bölgələrdə təşkil olunmasının əhəmiyyətini vurğulayan baş redaktor belə turnirlərin ənənəvi olacağına ümidvar olduğunu bildirib.
Yarışın informasiya dəstəkçisi olan “Teleqraf” İnformasiya Agentliyinin direktoru İmdad Əlizadə çoxsaylı yubiley tədbirləri sırasında xüsusilə seçilən bu futbol turnirində həm yazılı, həm onlayn media, həmçinin televiziya jurnalistlərinin iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, belə turnirlərin mahiyyəti kubok qazanmaqdan daha çox jurnalistlər arasında kommunikiasiyanın qurulması, bayram tədbirlərini aktiv istirahətlə qeyd etməsidir.
Turnirin baş sponsoru “Avrora Qrup”un nümayəndəsi Vasif Musayev bu il minifutbol üzrə Azərbaycan millisinin dünya çempionu olduğunu xatırladaraq ölkədə son illər idmanın bu növünə artan marağın təsadüfi olmadığını vurğulayıb. Onun sözlərinə görə, məhz bu səbəbdən 150 illiyini qeyd edən mətbuat nümayəndələri arasında minifutbol turnirinin keçirilməsi simvolik əhəmiyyət daşıyır.
Mətbuat Şurasının icraçı katibinin müavini İlqar Tağıyev isə çıxışında müxtəlif illərdə jurnalistlər arasında futbol turnirlərinin təşkil olunduğunu qeyd edərək media həmrəyliyi işində bu kimi yarışların gözəl imkan olduğunu bildirib. Onun sözlərinə görə, Mətbuat Şurası hər zaman belə təşəbbüsləri dəstəkləyib.
Sonra turnirin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən yarımfinal oyunlarında İctimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası televiziya işçilərindən formalaşan “Kaspi” komandası ilə, əsasən idman saytlarının nümayəndələrinin olduğu "Kəşkül" komandası informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət "Əkinçi" komandası ilə qarşılaşacaq.
Turnirin ikinci günündə qalib komandalar final, məğlub olanlar isə 3-cü yer uğrunda oyunlarda öz qüvvəsini sınayacaqlar.
Açılış mərasimi iyulun 19-da Şamaxı Olimpiya İdman Kompleksində saat 15:00-da olacaq. Turnirin oyunlarını AFFA-nın hakimləri idarə edəcək. İyulun 20-də müəyyənləşəcək qalibə kubok təqdim olunacaq, ilk 3 yerin sahibləri medallarla, bütün iştirakçılar isə sertifikatlarla təltif ediləcəklər.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, AFFA və Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatı dəstəyi ilə keçiriləcək.