Cənub Regional Futbol Federasiyasının prezidenti Sakin Məmmədzadə “Rekord.az”-a açıqlamalar verib. O, “Sabahın ulduzları” layihəsinə toxunub, eynisinin öz zonalarına keçirmək potensialın malik olduqlarını bildirib. 


Məmmədzadə ilk öncə “Cənub Mirvarisi”ndən danışıb: “Bugünlərdə Bakıda “Sabahın Ulduzları” layihəsi həyata keçirildi. Yaxşı təşkilatçılıq nümayiş etdirildi, uşaqlar yeni, gözəl bir turnirdə iştirak etmək, daha çox təcrübə qazanmaq imkanı əldə etdilər. Bu layihəni ürəkdən dəstəkləyirəm. Əlavə etmək istəyirəm ki, ötən illərdə biz də cənub zonasında buna bənzər bir turnir keçirirdik. “Cənub Mirvarisi” layihəsi də “Sabahın ulduzları” kimi genişmiqyaslı idi, yeni istedadların üzə çıxmasında xüsusi və əhəmiyyətli rol oynayırdı. Bu yarışı bərpa edə bilərik, ancaq bunun üçün bizə dəstək verilməlidir. Cənub Zonası üzrə AFFA-nın bayrağı altında keçirilən U-8-dən U-14 liqasına qədər keçirilən liqalar var, ancaq ondan daha böyük liqalar təəssüf ki, yoxdur. Biz CRFF olaraq istərdik ki, U-15 və U-16 liqasını ən azından bizim zonada da təşkil edək ki, bu regionun uşaqları da 15-16 yaşına çatanda futboldan kənarda qalmasınlar. Əvvəllər belə yarışlar təşkil edərək onlarla istedadı ortaya çıxararaq Azərbaycan futboluna qazandıra bilmişik, bunu yenə də edə bilərik”.


Sakin bəy həm də təhsil layihələrinin keçirilməsinə də hazır olduqlarını qeyd edib: “Vaxtilə biz Lənkəranda D Kateqoriyalı məşqçilik kursları keçirmişik və istərdik ki, bunu təkrarlayaq. Gənc hakimlərin hazırlanması istiqamətlərində də layihələrimiz hazırdır. AFFA-da olan qurumlardan dəstək mütləqdir və biz bunu gözləyirik. Təbii ki, artıq Regional Federasiyalara AFFA tərəfindən bəzi tapşırıqlar verilib. Gözəl təşəbbüsdür, istərdik ki, biz daha sıx əlaqədə olaq ki, daha işlək bir quruma çevrilə bilək”.