Rəhman Hacıyev: "Qarşısında aciz qalacağımız heç bir rəqib yoxdur" - MÜSAHİBƏ
- 04:17
- 23
"Kəpəz"in futbolçusu Rəhman Hacıyev Rekord.az-a mnüsahibə verib:
- Bugünkü oyunu necə qiymətləndirirsiniz?
- Bu gün çətin oyun keçirdik. “Qarabağ” yüksək motivasiya ilə gəlmişdi. Lakin biz özümüzə inanırdıq. Çünki bizim üçün qarşısında aciz qalacağımız heç bir rəqib yoxdur. İstənilən komanda ilə rəqabət apara və yaxşı oyun nümayiş etdirə bilərik. Daha böyük uğurlar qazanacağımıza inanıram. Bunun üçün hər gün çalışır və əzmlə məşq edirik.
- Hər komanda “Qarabağ”la oyundan 3 xalla ayrıla bilmir. Sizcə bu nəticədə azarkeşlərinizin də böyük rolu var? Onlar hər ev oyununda sizi tək qoymurlar.
- Buna görə azarkeşlərimizə çox minnətdarıq. Xüsusilə dünən məşqimizdə də iştirak edərək bizə dəstək oldular. Biz hər zaman onların dəstəyini və bizə olan inamını hiss edirik. Bu dəstək bizim üçün çox önəmlidir.
- Bu gün turnir cədvəlində “Qarabağ”ı geridə qoymaq imkanınız var idi. Lakin yaratdığınız qol epizodlarından yararlana bilmədiniz. Bu oyunu uğursuz hesab etmək olarmı?
- Düşünmürəm. Biz heç nə itirmədik. Əksinə belə ciddi rəqiblə oyunda 1 xal qazandıq. Futbolda hər şey mümkündür. Qarşıdakı oyunlara köklənməli və hər rəqibə qarşı maksimum nəticə əldə etməyə çalışmalıyıq. İnşallah gələcəkdə çatışmazlıqlarımızı aradan qaldıracaq və daha da güclənəcəyik.