"Turan Tovuz"la səfər matçından sonra "Səbail"in baş məşqçisi Şahin Diniyev idman prinsipləri ilə bağlı ona ünvanlanan suala fərqli, geniş aspekdən yanaşdı. Adam dedi ki, idman prinsipləri deyirsinizsə tamam, mən razı, amma bunu tək Premyer Liqaya adi etməyək. Həmin vaxt kənardan Diniyevin "Səbail"i elitada saxlamaq üçün bu ifadəni səsləndirdiyini düşünülə bilərdi. Amma oturub bir qədər dərindən araşdırsaq, adam əslində tam məntiqli və obyektiv danışır. Deyir İdman prinsipləri deyirsinizsə, gəlin, I Divizionu daha peşəkar edək, orada qalib olan komandaları müntəzəm olaraq Premyer Liqaya buraxaq, eləcə də, II dəstəni yaradaq. 

 

Əslində bu fikirləri illərdi media olaraq, biz də deyirik, yazırıq. Sonuncu dəfə idman prinsipləri ilə I Diviziondan Premyer Liqaya gələn elə "Araz Naxçıvan" olmuşdu. Qalan bütün hallarda divizionda 4-cü 5-ci, 7-ci, 8-ci pilləni tutan komandalar elitaya gətirilib, qaliblər isə lisenziyalaşdırma bəhanəsi ilə kənarda saxlanılıb. Mən hələ Azərbaycan futbolunda elə hal xatırlamıram ki, hansısa komanda Premyer Liqada sonuncu pilləni tutsun, amma fəaliyyətini bir sonrakı mövsüm divizionda davam etdirib yenidən Premyer Liqaya qayıtsın. Belə hal yaşanmayıb. Azərbaycan futbolunda II dəstə anlayışı sonuncu dəfə 1996-97-ci illərdə olub. Azərbaycandan dəfələrlə kiçik Gürcüstanda 4 liqa var. Bizdə amma peşəkar statuslu cəmi iki liqa var onun da biri elə həvəskar kimi bir şeydi. Sistemli inkişaf, idman prinsipləri istəyiriksə, I Divizonu "uşaq bağça"sından çıxardıb peşəkar liqaya çevirməliyik, divizionla Premyer Liqa arasındakı fərqi uçurum həddindən çıxarmalıyıq. Elə divizion yaratmalıyıq ki, onun qalibi Premyer Liqaya vəsiqə qazananda böyük ölçüdə buna hazır olsun. Premyer Liqanı tərk edən klub dağılmayıb I Divizionda fəaliyyətini davam etdirsin. Türkiyədə klublar var ki, vaxtı ilə yüksək liqada çıxış edib, indi III liqada mübarizə aparır. Amma fəaliyyətini davam etdirir. 

 

Təcili olaraq II dəstəni də yaratmalıyıq. I Divizionda sonucu pilləni tutan II dəstəyə göndərilməli, II dəstənin qalibi I Diviziona yüksəlməlidir. Bu gün bizdə hansı söhbətlər gedir? AFFA "Region Liqası"ndan 4 komandanı diviziona gətirib divizionda komanda sayını 10-a çatdırır. Bəziləri az qala buna görə federasiyaya "sağ ol" deyir. Xeyir ola? Premyer Liqada kiminsə aşağı düşməsi söhbəti ortaya çıxanda idman prinsipləri yada düşür, amma AFFA-nın kefi istədiyi 3-4 komandanı "opdavoy" diviziona gətirməsi idman prinsiplərinin pozulması olmur? Ona görə də təfəkkürümüz, yanaşmamaız köklü dəyişməlidir. İdman prinsipləri konkret liqalara yox, bütün futbola şamil edilməlidir. Futbolun, bölgə futbolunun inkişafı bu cür peşəkar yanaşmadan keçir.

 

Anar XANLAROV