“Sabah”la matç bizim üçün böyük bir şansdır”
- 13:40
- 29
Azərbaycan Basketbol Liqasının VII turunda "Sabah"a qarşı keçirəcəkləri matç NTD-nin yaxşı komanda olduğunu göstərməsi üçün böyük bir şansdır.
Rekord.az xəbər verir ki, bunu Lanqdon Hatton NTD-nin mətbuat xidmətinə açıqlamasında deyib.
Amerikalı basketbolçu "Sabah"la matça yaxşı hazırlaşdıqlarını bildirib:
"Hazırlıq çox yaxşı gedir. Hamı oyuna köklənib. Bu oyun bizim üçün böyük bir şansdır. Xüsusilə də Çempionlar Liqasında çıxış edən "Sabah"a qarşı oynayacağımızı nəzərə alsaq. Komandada enerji yüksəkdir. Uşaqlar məşqlərdə ciddi yanaşırlar və düşünürəm ki, hər kəs bizim yaxşı komanda olduğumuzu göstərmək üçün alışıb-yanır. İlk matçı lisenziya məsələlərinə görə buraxmalı oldum, ona görə də yalnız son iki oyunda iştirak etmişəm. Məncə, hələ də bir-birimizə uyğunlaşırıq. Komandada böyük oyunçu dəyişikliyi olub və burda olduğum müddətdə hər oyunda fərqli heyətlə meydançaya çıxmışıq. Düşünürəm ki, birlikdə daha çox vaxt keçirdikcə və ritmimizi tapdıqca vəziyyəti tam şəkildə düzəldə bilərik".
Oyunçu məhz Bakı klubunu seçməsinin səbəbləri və Azərbaycan Basketbol Liqasının səviyyəsi haqqında fikirlərini də bölüşüb:
"NTD-ni seçdim, çünki bu mənim üçün yeni bir imkandir. Onların mənim üçün nəzərdə tutduğu rol çox xoşuma gəldi. Komandaya hündür oyunçu lazım idi və mən də meydandakı xüsusiyyətlərimlə bu sistemə yaxşı uyğunlaşacağımı düşündüm. Azərbaycan Basketbol Liqasının səviyyəsi kifayət qədər yüksəkdir. Üç müxtəlif komandanın avrokubopklarda çıxış etməsi liqanın güclü olmasının göstəricisidir. Oyunlar çox rəqabətli keçir".
O, Azərbaycanı çox bəyəndiyini də vurğulayıb:
"Azərbaycanı indiyə qədər çox bəyənmişəm. Bakı gözəl şəhərdir - görməli yerləri çoxdur, yeməkləri əladır və insanlar çox mehribandır. Həm meydanda, həm də meydandan kənarda çox yaxşı təcrübə yaşayıram".
Qeyd edək ki, NTD - "Sabah" görüşü noyabrın 16-da, Bakı İdman Sarayında keçiriləcək.