"Sabah" ciddi rəqib qarşısında
- 11:12
- 17
Çempionumuz üçün pley-off vaxtıdır.
"Sabah" vacib qarşılaşmaya çıxır. Rəqib İsrail "Hapoel"idir. Ölkəsinin cənubundakı Beer-Şevanın təmsilçisi olan "Hapoel". Güclü, təhlükəli rəqibdir.
Bəzi detallarla başlayaq.
- Matç təhlükəsizlik səbəbindən Rumıniyanın paytaxtında oynanacaq, faktiki hər iki komanda üçün səfər xarakteri daşıyacaq. Qarşılaşmanın israillilər üçün Avropada əsas "ev" məkanı sayılan Macarıstanda keçirilməməsi onsuz da zəif olan azarkeş dəstəyinin gücünü daha da azaldacaq. Bu, bizim üçün yaxşı xəbərdir.
- Beer-Şeva "Hapoel"i 1947-ci ildə yaradılıb. 2007-ci ildən bu yana sahibi qadın iş adamı Alona Barkatdır. 6 dəfə ölkələrinin çempionu olublar, onlardan 4-ü son 10 ilə təsadüf edir. 110 avrokubok matçları var, ən böyük uğurları 10 il əvvəl Avroliqada oynadıqları 1/16 finaldır ("Beşiktaş"ı keçə bilməyiblər - 1:3; 1:2).
- Ləqəbləri "dəvələr", yaxud "cənubun qırmızıları"dır.
- Hazırda komandanın baş məşqçisi Ran Kojuxdur. Gənc mütəxəssisdir, cəmi 45 yaşı var. Futbolçu karyerasında 17 ilə 15 klub dəyişib, məşqçi kimi də bu baxımdan sabit deyil, statistikası əvvəlkinə yaxındır. Ən uzun qaldığı yer məhz bu "Hapoel"dir. Ən böyük uğurunu - ölkə çempionluğunu da burada, bu yazda yaşayıb.
- "Hapoel" bu yay mübarizəyə ÇL-in 2-ci sənifat mərhələsindən başlayıb. Əvvəlcə İslandiya "Vikinqur"unu (1:2 və 2:0), sonra isə Serbiya "Srvena Zvezda"sını (1:0 və 2:0) mübarizədən kənarlaşdırıb.
Düşünürəm ki, giriş məlumatları baxımından bu qədəri bəsdir. Çünki daha detallı məlumatı özünüz də internetdə axtarışla tapa bilərsiniz. Bizi maraqlandıran məqamlar bu komandanın oyun tərzi, gücü, üstün və zəif tərəfləridir. Vaxt itirmədən keçək mövzuya.
* *
Sabit taktika
"Qırmızılar"ın əsas düzülüşü 4-4-3-dür. Amma bu, düzülüş olaraq belədir. Reallıqda komanda meydanda 4-5-1 olaraq görünür, bunu xüsusilə müdafiə olunarkən asan sezmək olur. Baş məşqçi bu düzülüşə çox sadiqdir, ancaq bəzən rəqibdən, matçın vacibliyindən, turnir əhəmiyyətliliyindən asılı olaraq 4-4-2-yə, hətta 3-5-2-yə belə keçid edə bilir. Bu, həm məşqçinin, həm də yetirmələrinin çevik və universallıq qabiliyyətinə malik olmasını göstərir. Ancaq yenə də əsas düzülüş 4-3-3-dür. Bizim "Qarabağ"da olanından.
* *
Ağıllı və bicdirlər
"Hapoel"in pressinq komandasıdır. Komanda bunu bütün oyun boyu yox, belə demək olarsa situativ xarakterli edə bilir. Bu zona pressinqi deyil, fərdi pressinqdir. Yəni Koxujun yetirmələri rəqiblərinə yaxın oynayır, sanki pusquda dayanırmış kimi davranır, ani səhvdən yararlanaraq nəticə qazanırlar. Bu, müasir futbolun nümunəsidir, pressinqin effektiv formasıdır, ancaq tətbiqi də çətindir. Çünki daimi hərəkət və fəallıq, ciddi güc ehtiyatı, atletik hazırlığın yüksək səviyyəsini tələb edir.
Təbii ki, bunu matç ərzində dayanmadan etmək mümkün deyil. "Hapoel" özü də elə komanda deyil ki, necə deyərlər, kitablarda yazılanı ideal tətbiq edə bilsin. Pressinq üçün arxa və orta xətti də önə çıxardıqlarından bir müddətlik "istirahət"ə ehtiyac olur. Bu hallarda Kojux öz yetirmələrindən geri çəkilərək öz şanslarını gözləməsini istəyir.
İsraillilər həm də bicdirlər. Rəqibin baş məşqçinin "Vikinqur"u keçdikləri cavab matçından sonra verdiyi açıqlamaya fikir verək: "Fasilədə uşaqları sakitləşdirdim. İslandiya komandası yenə ağır pressinqlə üstümüzə gəldi, ancaq bu bizim planın bir hissəsi idi. Bilirdik ki, vaxt ötdükcə isti hava və meydançanın vəziyyəti səbəbindən onlar yorulacaqlar. İkinci hissədə məhz bunu gördük. Futbolçularıma prinsiplərimizi xatırlatdım və onlardan oyundan öncə danışdıqlarımızın tətbiqini davam etdirmələrini istədim. Bilirdik ki, rəqibə irəlidə daha dərin və möhkəm təzyiq etməliyik. Bilirdik ki, cinahlarda şanslar yaradacağıq və bilirdik ki, ehtiyatda oyunun taleyini həll edəcək oyunçularımız var".
Hər şeyi açıq göstərən, ciddi, əlavə şərhə ehtiyacı olmayan açıqlamadır.
* *
Nə etməli?
"Hapoel" nə "Barselona"dır, nə "Man Siti", nə də PSJ. İstəkləri böyükdür, amma imkanları buna heç də həmişə yetmir və zəif nöqtələri də var. Əsasən də müdafiədə. Maraqlı məqam odur ki, israillilərin özləri də pressinqə çox davamlı arxa xəttə malik deyillər. Yayda əsas heyət üzvü olan müdafiə və orta xətt oyunçularından Blorian, Dadia, Elias, Kanqva və digərləri komandanı tərk edib. Yerinə futbolçular alınıb, amma təzə gəldiklərindən anlaşma lazımi səviyyədə deyil, fərdi səhvlərə yol verirlər. Bununla yanaşı, hücuma aludə olduqları zaman əks-hücumların qarşısını yaxşı ala bilmirlər. Rəqib topu qazanıb ani qərarla onu ön xətdə çatdırdığı halda "qırmızılar" problem yaşayırlar.
"Sabah" da məhz bu tip oyunu sevən və oynamağı bacaran komandadır. Rəqib təzyiq altında mütləq bir yox, bir neçə səhvə yol verəcək. Real qol epizodları əldə edəcəyik. Qalacaq onlardan yararlanmaq. Bu problemi birdən-birə həll etmək mümkün deyil, ancaq lazımi köklənmə, diqqətli oyun və mübarizlik əzmi öz işini görəcək. Dambrauskas çox təcrübəli, ağıllı məşqçidir. Komandası ötən matçda göstərdi ki, 90-cı dəqiqədə belə hücum etməyə gücü, istəyi olan kollektivdir. Litvalı mütəxəssis həm də tez adaptasiya olmağı bacaran mütəxəssisdir. Yanlış gedişatı tez sezir, doğru əvəzetmələrlə durdurmağa nail ola bilir. "Nə etməli" sualının cavabı isə klassik, şablon səslənsə də, öz oyunumuzu oynamaq və ən yüksək səviyyədə, maksimum diqqətli olmaqdır. "Hapoel" bizdən güclü deyil. Oyun olaraq xüsusi, ekstraordinar bacarığa malik deyillər. Sadəcə çox ağıllı, bicdirlər. İstər səfər, istərsə də ev matçlarında nəticədən asılı olmayaraq təslim olmayacaq, hər an cavab verməyə hazır olacaqlar. Səbrimizi daşıracaq, sona qədər sınayacaqlar, fiziki yox, psixoloji olaraq yormağa çalışacaqlar. Bu cütdə ayaqları yox, başı güclü olan qalib gələcək. Təmkinli olmalı, yersiz vərəqələr almamalı, bütün potensialımızı ortaya qoymalıyıq. Çempionlar Liqasında oynamaq üçün bunu etməyə, "canımız çıxana qədər" oynamağa dəyər. Bu qələbənin dadı başqa olacaq.
İRƏLİ "SABAH"!