Veteren voleybolçu, milli komandanın keçmiş oyunçusu Natəvan Afşarın (Qasımova) Naxçıvanda yeniyetmə qız voleybolçularla görüşü təşkil olunub. "Rekord.az" xəbər verir ki, görüşdə Azərbaycan Voleybol Federasiyası Naxçıvan filialının direktoru Vüqar Əliyev də iştirak edib. 
Çıxış edən V.Əliyev son illər muxtar respublikada bu sevimli idman növünün inkişafı, uşaq və yeniyetmələrin voleybola cəlbi istiqamətində görülən sistemli işləri və əldə olunan uğurlu nəticələri qeyd edib. 
Vurğulanıb ki, 1985-ci ildə Naxçıvanda doğulan Natəvan Afşar milli komandada oynayan və peşəkar karyeraya malik olan ilk naxçıvanlı qadın voleybolçudur. O, karyerasına hücumçu kimi başlasa da, sonradan toppaylayıcı mövqeyində çıxış edib. 2003-2010-ci illərdə "Azərreyl"də, 2010-2011-ci illərdə İtaliyanın Scavolini Pesaro klubunda, 2011-2012-ci illərdə Bakı Voleybol Klubunda, 2012-2014-cü illərdə təkrar Azərreyl klubunda oynayıb.
N.Afşar karyerası ərzində 1 dəfə CEV Challenge kubokunu, 2 dəfə Azərbaycan çempionluğunu, 1 dəfə İtaliya Super Kubokunu,1 dəfə Azərbaycan Kubokunu qazanıb. O, Azərbaycan yığmasının heyətində dünya çempionatlarında və Avropa yarışlarında uğurla çıxış edib. Hazırda Türkiyədə yaşayır.
Natəvan Afşar göstərilən diqqətə və yaradılan şəraitə görə səmimi təşəkkürünü bildirib. O, son illər Naxçıvanda xüsusilə qadın voleybolunun inkişafından, yüzlərlə qız idmançının voleybola cəlb olunmasından, yeni-yeni naxçıvanlı gənc istedadların ölkə voleyboluna, milli komandalara qazandırılmasından duyduğu sevinci dilə gətirib.Vurğulayıb ki, cari mövsümdə qadınların Super Liqa ölkə çempionatında "Naxçıvan" komandasının iştirakı voleybol tariximiz üçün bir ilk olmaqla əlamətdardır.
Natəvan Afşar  öz  dövrünün çətinlikləri, karyerası və xatirələri ilə bağlı danışıb, yeniyetmə və gənc voleybolçulara tövsiyyələr verib, həmçinin, məşq prosesində iştirak edib.