“Sabah bizim üçün çox çətin olacaq” - Renduliç
- 31 İyl 2024 18:00
- 170
Avqustun 1-də “Sabah” Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında İsrailin “Makkabi” (Hayfa) klubu ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bu gün Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı sabahkı matçın çox çətin olacağını bildirib:
“Sabah evdə yeni mövsümdə ilk oyunumuzu keçirəcəyik. “Makkabi” mükəmməl komandadır. Səfərdə qazandığımız qələbəyə baxmayaraq, mən hələ də onları favorit hesab edirəm. Əlbəttə, mərhələni keçmək istəyiriksə, səfərdə oynadığımız kimi oynamalıyıq.
Demək olar ki, həftəboyu oyunçularıma tapşırmışam ki, eyforiyaya qapılmaq olmaz. Sabah bizim üçün çox çətin olacaq. Çox güclü rəqibə qarşı oynayacağıq. Biz də hazırıq. İlk dəqiqələrdən müdafidə oturmaq fikrində deyilik.
Mən sizə sadəcə bir şeyi deyə bilərəm ki, çox da yüksəklərdə uçmamalıyıq. İndi ancaq sabahkı oyunu fikirləşirik. Qrup mərhələsinə gəlincə, hər şeyi addım-addım etməliyik”.
“Makkabi” – “Sabah” cütünün ilk qarşılaşması Macarıstanda keçirilib. Masazır təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.