Rusiyanın qadın voleybolçulardan ibarət millisinin sabiq baş məqşçisi Vladimir Kuzyutkin vəfat edib. "Rekord.az" Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis 76 yaşında uzun sürən ağır xəstəlikdən sonra rəhmət gedib. 

SSRİ-nin "İdman ustası", Rusiyanın "Əməkdar məşqçi"si adlarına layiq görülən Kuzyutkin oyunçu kimi Volqoqradın "Buverestnik", "Motor", Samaranın "Avtomobilist" klublarında çıxış edib. Baş məqşçi kimi isə Türkiyənin "Emlakbank", "Eczaçıbaşı", "Güneş Sığorta", Rusiyanın "Neftyannik", "Samotlor", "Avtodor-Metar", "Dinamo" klublarında çalışıb.

O, 2009-2011-ci illər, eləcə də 2017-ci ildə Rusiyanın qadın voleybolçulardan ibarət yığma komandasının baş məqşçisi olub. Kuzyutkin dördqat Türkiyə çempionu adını qazanıb. 2009-cu ildə təcrübəli mütəxəssis Rusiyanın qadınlardan ibarət millisinə Dünya Qran-prisinin gümüş medalını qazandırıb, 2010-cu ildə isə bu komandanı Dünya çempionu edib.