Hazırda Rusiyanın "Dinamo" (Moskva) klubunda çıxış edən Matias Normann Norveç millisinə çağırılmayacaq.

Rekord.az Norveç Fotbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, buna 26 yaşlı yarımmüdafiəçinin Moskva təmsilçisi ilə müqavilə imzalaması səbəb olub.

Yığmanın baş məşqçisi Stole Solbakken oyunçu ilə əlaqə saxlayıb və onun gözlənilən transferi ilə əlaqədar milliyə dəvət alanlar arasında olmayacağını bildirib.

Norveç Futbol Assosiasiyasının prezidenti Lize Klaveness Norveç və Avropa futbolunun Rusiyaya birgə təzyiq göstərməyə razı olduğunu bildirib: "Əvvəllər milli komandadakı oyunçuların klub seçimi ilə bağlı nə isə demək bizim vəzifəmiz deyildi. Amma hazırda fövqəladə vəziyyətdəyik. Rusiya komandalarının beynəlxalq idman yarışlarında iştirakına qadağa qoyulub. Stole və mənim fikrimcə, Normann Norveçi təmsil edə bilməz. Çünki o, yenə Rusiya klubunda çıxış edəcək".