Regekampfın "Qarabağ"a bağışladığı xal
- 01 Mar 2023 12:00
- 503
Bir az gec də olsa, "Qarabağ" - "Neftçi" matçı haqqında qısaca cızma-qaralarımı bölüşüm. "Neftçi" çətin ki, növbəti dəfə belə "Qarabağ" tuta bilsin. Qələbə üçün əsl məqam idi. Rəqib "Gent"lə ağır səfərdən dönmüşdü. Üstəlik, məğlub, yorğun, psixoloji cəhətdən çökmüş vəziyyətdə idi. Bunlar azmış kimi, oyun öncəsi heyətlə bağlı da ciddi problemləri var idi, oyunçuların əksəriyyəti xəstə, yüksək hərarət altında meydançaya çıxmışdı. Bu vəziyyətdə "Qarabağ"ı əldən qaçırmaq olmazdı. Çünki dördüncü dövrənin oyununda Ağdam təmsilçisi tam toparlanmış olacaq, üstəlik, avrokuboklar da olmayacaq və onları məğlub etmək çətin olacaq. Şəxsi fikrimə görə, "Neftçi" bu oyunu udmalı idi. İlk hissə və gedişat da bunu göstərirdi. Düzdür, verilişə yollandığım üçün ilk hissəni izləyə bilmədim. Amma izləyənlər bildirdi ki, "Neftçi" ilk hissədə üstün oynayıb, hətta ikinci qolu vurmaq üçün də şansları olub. Sonradan oyunun icmalına baxanda özüm də bunu gördüm. İkinci hissədə də hər şey "Neftçi"nin istədiyi kimi gedirdi. Baxmayaraq ki, Qurban Qurbanov fasilədən dərhal sonra Zubir, Veşoviç, Almeyda, ardınca Şeydayevi də oyuna qoşdu, amma "Qarabağ" heç cürə üstünlük qura bilmirdi. "Neftçi" sanki beton sədd çəkib rəqibin önünü kəsmişdi. Qırılma nöqtəsi harda oldu? Eddi İsrafilovun meydandan alınması. Mənə görə Regekampf bu addımı ilə çox ciddi səhvə yol verdi. Çünki Eddi həmin gün "Neftçi"nin və bəlkə də oyunun ən yaxşılarından biri idi. Məhz onun mərkəzdəki oyunu sayəsində rəqib üstülük qazana bilmirdi. Belə olan halda cinahlardan təşil olunan hücumların qarşısı da müdafiəçilər tərəfindən rahat alınırdı. Məhz Eddinin oyundan alınıb, yerinə İsmayıl Zülfüqarlının buraxılması, 3 xalın əldən verilməsinə gətirib çıxardı. Hansı ki, İsmayıl istedadlı futbolçu olsa da, bu oyun onun oyunu deyildi. Bu arada, oyuna görə futbolçu seçmək də məşqçidən ayrıca bacarıq tələb edir. Həmin İsmayılın sona yaxın əvəzlənməsi də bu əvəzləmənin əvvəldən doğru olmadığını sübut etdi. Ara yerdə azərbaycanlı gənc futbolçu sındırıldı. Oyunda nə dəyişdi? Eddinin çıxması ilə dayaq sütunlardan biri qopmuş oldu. Məhz bu məqam "Qarabağ"a mərkəzdə üstünlük qazanmağa imkan verdi. Artan təzyiqlər fonunda Ata Caber hədsiz yükləndi, çünki Emin Mahmudov yaradıcı futbolçu olduğu üçün rəqib hücumlarının qarşısını almaqda çətinlik çəkirdi. Artan təzyiq fonunda Caberin də əzələləri dözmədi və ciddi zədə alaraq meydançanı xərəkdə tərk etdi. Bununla da mərkəz tamamilə "Qarabağ"ın əlinə keçdi və bunun fonunda müdafiə də təzyiqə tab gətirməyib qol buraxdı. Buraxılan qolun avtoqol olması da təzyiqin gücündən xəbər verir. Görün, bir səhv qərar oyunu hardan hara çevirdi və yekunda "Neftçi" vacib 2 xal itirdi, "Qarabağ" isə 1 xal qazandı.
Anar XANLAROV