Qurban Qurbanovu "sevənlər"
- 11:27
- 38
Məzəniz olsun...
Qurban Qurbanov haqqında 100 ildə bir dəfə tənqidi nəsə yazırsan, fürsət bilib müdafiəsinə qalxanlar sıraya düzülüb. Bəs nəymiş, "bura qədər gətirib"miş. Təzə xəbərdir bu? Biz bilmirmişik, bunlar bilirmişlər. Guya biz Hocanı sevmirik, bunlar dərdindən ölürlər. Feysbuk, İnstaqram, TikTok doludur. Fona mahnı qoyub həyəcan yaradan kim, şəklini paylaşıb internetdən axtarıb-tapdığı şeiri yanına qoyan kim...
Məzədilər konkret... :)
Mən Qurban Qurbanov haqqında yazdığım, dediyim xoş söz qədər heç atama deməmişəm. Haqqıdır, gördüyü həqiqətən dahi işləriylə haqq edib yazmışam, bundan sonra da yazacam. Bir dəfə yazmışam, bir neçə dəfə də özünə demişəm: Qurban Qurbanov təxminən 130-140 illik Azərbaycan futbolu tarixinin ən yaxşı məşqçisidir. Bir məğlubiyyət, bir oyundakı səhv bu faktı dəyişdirmir.
Əksinə, səhv etməsi onu göstərir ki, o da insandır, səhv edə bilər. Tanrıdır səhvsiz olan. Qalanlarımız bəndəyik, mükəmməl deyilik.
Yenə Qurbanı başa düşdük, Nərimana "sahib çıxanlar" var. Biri ilə Bəhram Bağırzadə. "Neftçi"də işləyəndə "Qarabağ"a "qeyri-Azərbaycan komandası" damğası vuran bu şəxs, indi həmin "əsl Azərbaycanlı olmayan komanda"nın polufabrikat oyunçusuna "dayı səninlədir" deyir. Elə onun dayısı belə şəxslər olub ki, futbolçu inkişaf edə bilmir də.
Biz Qurban Qurbanov üçün AFFA ilə düşmən olub az qala persona-non-qrata elan ediləndə siz "Azərbaycanda futbol var, ehehe..." deyib öz aləminizdə "cool" göründüyünüzü düşünürdüz.
Nə isə... Yazda komanda ÇL-dən birdəfəlik qayıdanda, Yevlaxın süni meydançasında, Şamaxı çölündəki matçlarda "Qarabağ"ın yanında olanlar biz "Hocanı sevməyənlər" olacağıq.
P.S. Ertem Şener də bir yandan. Nəymiş, Hocanı tənqid edirmişik. Mən Şenerin Azərbaycan futbolunun qardaş Türkiyədəki təbliğatındakı böyük, müstəsna rolunu danmıram, əksinə çox təqdir edirəm və bir azərbaycanlı futbolsevər olaraq ona təşəkkür edirəm. Amma lütfən ayda 1 dəfə yadına düşdüyü futbolumuzun lap dərininə girməsin, bizə ağıl öyrətməsin. Çünki alınmayacaq. Həm də kənardan çpx süni görünməyə başlayır bu durum. Bir az yavaş, Ertem bəy. Lütfən.