Adəti üzrə 3 təmsilçimizin avrokuboklarda işini yarımçıq qoyması təzə xəbər olmadı. Öyrəşmişik. Amma bu yay bir dövrü arxada qoymalı olduğumuz fikrinə bir daha əmin oldum, təsdiq tapdım. 


Nədi o fikir?


Odu ki, biz özümüzü çox kiçik görürük. Bunu bizə Sovet dövründə öyrədiblər, 90-cı, 2000-ci illərdə öyrətməyə davam ediblər. Ruslardan qalıb bizə. Kiçik, gücsüz, uğur qazanmağa bacarığı, istedadı olmayan bir millət kimi baxıblar bizə. Bizi 2-ci sort sayıb, bu fikirlə barışmağa məcbur ediblər. Biz də mənimsəmişik. Elə bilmişik ki, belə də olmalıdı.


Nə uğur qazanmışıqsa, dərhal rus mətbuatını oxuyub, hansısa İvanın bizi tərifləməsini gözləmişik, görəndə də sevincimizdən yerə-göyə sığmamışıq. Radiodalğanı Moskvaya kökləmişik həmişə...


Qorxutmağa çalışıblar bizi. Qorxmuşuq da. Hər şeydə, hər sahədə.


İndi də bu avrokuboklarda rəqiblərimizə baxıb eyni fikirləri səsləndiririk. "Vay, "Levski" rəqib düşdü"; "Vay, "Aris" rəqib düşdü"; "Vay, "Hayduk" rəqib düşdü"... 


"Vay, "Şkendiya" düşdü, "Styaua"nı keçiblər e..." 


Belə gözüm aydın keçiblər. Keçib ÇL-in finalına çıxıblar? Makedoniya komandasıdı da. 3-cü təsnifata çıxıb. Aman, ay aman... Həmkarlarımızdan biri demişkən, rəhm eləməsəydik, hesab 5:1 yox, 9:1 də ola bilərdi. 


Ya da ki, "nə danışırsan, "Levski"di e bu..." Doğrudan? 8 dəfə ÇL-i qazanıb bu nəticədə "Milan"ı arxada qoyan "Levski"? Vallah, billah, o deyil. Heyətində adını yalnız püşkdə bizlə düşəndən sonra tanıdığımız Klbtrnovski, nə bilim, Xrmtfdanov, dossantosoliveyrakarlosları görüb, "dəhşət oyunçulardı e" deyib dağ başına qoyuruq. Qardaş, bunlar dəhşət oyunçulardısa, niyə "Levski"də oynayırlar? Bu "Levski"... Lap "Levski" olmur, "Hayduk" olsun, digərləri olsun. Bu komandalarda dəhşət oyunçular oynayırsa, özləri də dəhşət komandalardılarsa, Konfrans Liqasının 2-ci və 3-cü təsnifatında niyə oynayırlar? Biz də eyni yerdəyik, eyni mərhələdə oynayırıq da. Belədisə, deməli bizim onlardan çox da böyük fərqimiz yoxdu.


Dəhşət bilirsiz harda var? ÇL-in qrupunda. Məsələn, PSJ nəinki dəhşətdi, əsl cəhənnəm əzabıdı. Bizimlə düşsə, nələrin baş verəcəyini heç düşünmək belə istəmirəm. Amma tay Uelsin "Dağ keçiləri Yunayted", Slovakiyanın "Dunay balıqları Şeşko", Avstriyanın "Rəssamın qəzəbi Ştrasse" kimi rəqiblərlə düşəndə də qorxmayaq da. Ciddiyə alaq, çox ciddiyə alaq, ciddi hazırlaşaq, peşəkar olaq, amma qorxmayaq.


Hə, o ayrı söhbət ki, bizim futbolumuzda səviyyəsi hardadı? Burda elə qəribəliklər, elə əcaib-qəraibliklər, elə anlaşılmazlıqlar, elə klublar, elə adamlar var ki, onlarla nəinki avrokuboklara getmək, heç evin eşiyinə də çıxmaq olmaz. Böyük ayıbdı. Belə ortamdan "Qarabağ" kimi komanda nətər çıxıb, nətər hələ də bu uğurları qazanır, böyük sualdı, cavabı da yoxdu. Möcüzədi, başqa heç nə. 


Amma ya bu zəhrimara çıxmayaq, çıxmışıqsa da qorxmayaq da. Özümüzü düzəldək, futbolumuzu düzəldək, yaxşı legionerlərin gətirilməsini, uşaq futbolumuzun yaxşılaşdırılmasını, infrastrukturun düzəldilməsini istəyək, tələb edək, evimizin içində lap bir-birimizin başını yaraq, qan düşməni olaq, amma evdən çölə çıxanda "stoyka"mızı saxlayaq. Daha "Şəburdan Siti"ləri Allahın bacısıoğulları səviyyəsinə qaldırmayaq. Başa düşək ki, İKİ KOMANDA KONFRANS LİQASININ TƏSNİFATINDA ÜZ-ÜZƏ GƏLİRSƏ, DEMƏLİ O İKİ KOMANDANIN İKİSİ DƏ AŞAĞI-YUXARI EYNİ GÜCDƏDİ!


Biz əsas qələbəmizi döyüş meydanında qazanmış millətik. Bu gün müharibəyə girişsək, Avropada fərq yarada biləcək gücdə ordumuz var. Tüfəng atanda yaxşıyıq, top dığırladanda pis? Lap əla da bacararıq hər iki işi. Demirdilər ki, torpağı ala bilməzsiz, erməni qoymaz, rus qoymaz, firəng qoymaz? Hanı onlar indi?


Və biz hardayıq? 


Lazım olduğumuz, haqq etdiyimiz yerdə. 


Milli komandanın uğursuzluq səbəbi də budu. 15 il əvvəl Foqtsa başa salırdıq, 5 il əvvəl de byaziyə, indi də Santuş müəllimə başa salmağa çalışırıq ki, ay misterlər qorxmayın... Bax, payızda DÇ-nin seçmə mərhələsi olacaq. Qrupda Fransa, Ukrayna və İslandiya var. Fransa aydındı, uduzacağıq, normalı da budu. Bəs bu okeanın ortasındakı İslandiyadan niyə qorxuruq biz? 


Yoldaşlıq görüşləri yadıma düşür, havalanıram. Qardaş, mən Maltaya qarşı niyə 9 müdafiəçiylə oynamalıyam? Yaxud ovaxtkı millisində Verpakovskidən başqa heç bir oyunçusu yadımda qalmayan, ümumiyyətlə nə üçün var olduğu bilinməyən Latviyanın yığmasının nəyindən qorxuruq biz? Niyə onlara qarşı müdafiədən oynayırıq biz? 


Siyahını uzada bilərəm. 


Yuxarıda adını saydığım bütün bu komandalara lap uduzsaq nə olacaq? Güllələyəcəklər bizi, asacaqlar, sürgün edəcəklər? Nə olacaq da?


Heç nə olmayacaq!


O zaman heç olmasa bu mərəti futbol oynayıb uduzaq da...


Kənan Məstəliyev, Rekord.az