Bildiyiniz kimi, Fransanın məşhur "France Football" nəşri 1956-cı ildən Avropanın ən yaxşı oyunçusuna "qızıl top"u təqdim edir. İndi bu müsabiqədə təkcə Avropa klublarında çıxış edən futbolçular yox, həm də dünyanın bütün yerlərində oynayanlar iştirak edirlər. Hər il Avropanın bütün milli komandaların baş məşqçiləri və kapitanları “ən yaxşı”nı müəyyənləşdirirlər. Bəs görəsən bu ideyanı ilk dəfə kim irəli sürüb? Bu gün məhz bu şəxs haqqında sizə məlumat verəcəyik. Eyni zamanda “Qızıl top”un yaddaqalan qalibləri haqqında da bəzi maraqlı məlumatları sizin diqqətinizə çatdıracağıq.

"France Football"ın sorğu keçirməsi ideyası ötənlərdə Fransanın məşhur futbolçusu, məşqçisi və jurnalisti Qabriel Anoya məxsusdur. O, 1955-ci ildə "köhnə dünya"nın klub birinciliyini keçirməyi bacardıqdan sonra (turnir Avropa Çempionlar Kuboku adlandırılırdı, 1993-cü ildən isə onun adı Çempionlar Liqasına dəyişdirilib) Ano həmfikirləri ilə birgə "Avropanın ən yaxşı futbolçusu" adına müsabiqənin qaydalarını hazırladı.

Özü özlüyündə Qabriel Ano dahi şəxsiyyət idi. Hər bir dahi insan kimi o da qəribəlikləri ilə seçilirdi. O, 1889-cu il noyabrın 6-da anadan olub, Berlində təhsil alıb, çox səyahət edib, ingilis və alman dillərini əla bilib, futbol oyununun tərəfdarı olub. Hələ Birinci Dünya müharibəsinə qədər Ano müdafiəçi mövqeyində Fransa yığmasında 11 oyun keçirmişdi, sonra orduya çağırıldı, 1919-cu ildə isə daha bir dəfə kapitan sarğısı ilə "üçrənglilər"in formasında meydana çıxdı, bundan sonra karyerasını başa vurmaq qərarına gələrək, özünü jurnalistikaya həsr etdi. Özü də Qabriel Ano təkcə futbolla bağlı yazılar yazmırdı. 1920-1930-cu illərdə o, "Le Mirour des Sports" qəzetində çalışanda qolf və aviasiya haqqında məqalələri ilə də tanınırdı.

Öz fikirlərini birbaşa və düzgün çatdırmağı bacaran Ano buna görə həmkarları arasında böyük hörmətə malik idi. Onun barəsində bir insan kimi xəbər verən ən parlaq və məzəli hadisə İkinci Dünya müharibəsindən sonra baş verib. Reportyorluq fəaliyyətini davam etdirən Qabriel Fransa yığmasının baş məşqçisi təyin edildi. Lakin 1949-cu il iyunun 16-da "xoruzlar" öz meydanlarında İspaniyaya 1:5 hesabı ilə uduzduqdan sonra jurnalist Ano məşqçi Anonun istefasını tələb edən tənqidi məqalə yazdı, doğrudur, onun altında imza yox idi. Növbəti gün isə rəsmən Fransa yığmasının baş məşqçisi postundan istefa verdiyini açıqladı və daha futbolla fəal məşğul olmadı.

Qabriel Anonun 1956-cı ildə verdiyi təklifə əsasən, tanınmış idman jurnalistləri Avropanın ən yaxşı beş futbolçusu ilə bağlı öz fikirlərini bildirməliydilər. Birinci yerə görə beş xal, ikinciyə 4, üçüncüyə 3, dördüncüyə 2 və beşinci yerə görə oyunçuya 1 xal verilirdi.

Sonra xallar toplanılır və qalibin adı açıqlanılırdı. Əgər bir neçə futbolçu eyni sayda xal yığırdısa, onda yalnız onların iştirakı ilə daha bir müsabiqə keçirilirdi. Ən birinci sorğuda (onun nəticəsi 1956-cı il dekabrın 18-də çap olunub və burada 16 jurnalist iştirak edib) bir nömrəli "qızıl top"a ingiltərəli Stenli Mettyuz sahib çıxdı.

1995-ci ilə qədər "France Football"un sorğusunda yalnız Avropa ölkələrinin vətəndaşları səs vermək hüququna malik idilər, sonra isə səsverməyə tədricən "köhnə dünya"nı fəth edən Cənubi Amerika və Afrikadan olan legionerlərin qoşulmasına icazə verildi. Elə o vaxtdan jurnal 50 futbolçunun daxil olduğu ilkin siyahını çap etməyə başladı. Bu oyunçular arasından da ən yaxşıları seçilirdi. Bundan əlavə, "France Football"ın sorğusunda Avropa ölkələrinin hərəsindən yalnız bir jurnalist iştirak edir. Bu yolla respondentlərin nəticəyə təsir edən liqalara simpatiyasının qarşısı alınır. Axı aydındır ki, ingilis ingilisi, italiyalı italyanı, ispan ispanı digərlərindən üstün tutacaq.

"Qızıl top"u daha çox hollandlar Yohan Kroyfla Marko van Basten və UEFA-nın hazırki prezidenti Mişel Platini qazanıb. Onlar üç dəfə bu mükafata layiq görülüblər. İki dəfə Avropanın ən yaxşı oyunçusu seçilənlər arasında ikili vətəndaşlığı olan Alfredo di Stefano, almanlar Frans Bekkenbauerlə Karl Heyns Rummenigge, ingilis Kevin Kiqan, braziliyalı Ronaldo yer alır. Keçmiş Sovet İttifaqı ölkələrindən olanlar da bu mükafata sahib çıxa biliblər - 1963-cü ildə Moskva "Dinamo"sunun qapıçısı Lev Yaşin, 1975-ci ildə Kiyev "Dinamo"sunun hücumçusu Oleq Bloxin, 1986-cı ildə həmin klubun forvardı İqor Belanov, 2004-cü ildə isə "Milan"da çıxış edən Andrey Şevçenko.

Ölkələr arasında Almaniya ilə Hollandiya liderlik edir. Bu ölkələrin təmsilçiləri hərəyə yeddi dəfə qitənin ən yaxşı oyunçusu seçiliblər. Doğrudur, Hollandiyaya yeddi titulu yalnız üç futbolçu (Kroyf, van Basten, Qullit) qazandırdığı halda, alman oyunçulardan isə beş mükafatçı var - Gerd Müller, Frans Bekkenbauer, Karl Hayns Rummenigge, Lotar Matteus və Matias Zammer. Klublar arasında isə "Yuventus" birincidir. Turin klubunun şərəfini qorumuş futbolçular səkkiz dəfə "qızıl top"u qazanıblar, ikinci yerdə "Milan" qərarlaşıb - yeddi mükafat, üçüncülüyü isə "Real"la "Barselona" paylaşır - onlar yeddi dəfə sorğunun qalibi olublar. Milli çempionatları götürdükdə isə burada "A" Seriyası rəqiblərini çox qabaqlayır. İtaliya birinciliyində oynayanlar 17 dəfə qitənin ən yaxşısı adına layiq görülüblər. İkinci yerdə olan İspaniya Primerası 12 qələbəyə nail olub, üçüncü pillədə Almaniya Bundesliqasıdır - 9 uğur, dördüncü yerdə isə İngiltərə Premyerliqası qərarlaşıb - 5 titul. Sonrakı mövqedə SSRİ çempionatının yüksək liqasıdır. Onun oyunçuları yuxarıda qeyd etdiyimiz kimi, 3 dəfə "qızıl top"a sahib çıxıblar. Daha beş milli liqanın (Portuqaliya, Macarıstan, Hollandiya, Fransa və Çexoslovakiya) təmsilçiləri bir dəfə titulu əldə ediblər.

"France Football"ın sorğusunda ikinci və üçüncü yerlərə "gümüş" və "bürünc" toplar təqdim olunur. Müsabiqənin ilk üçlüyünə ən çox Mişel Platini düşüb (üç birinci və bir üçüncü yer). Əgər ölkələrə əsasən hesablasaq, üçlükdə ən çox alman futbolçular (27 dəfə) yer alıblar, 19 dəfə fransızlar, 17 dəfə isə italyanlar və ingilislər. Klublar arasında isə artıq "Yuventus" yox, "Real" liderdir. "Kral klubu"nun oyunçuları 17 dəfə üçlüyə daxil olublar. Turinlilər "Milan", "Bavariya" və "Barselona" ilə yanaşı ikinci yeri bölüşürlər - 16 titul. Daxili birinciliklər arasında yenə də "A" Seriyası birdədir (47). İkinci mövqedə Primera (34), üçüncüdə Bundesliqa (25), dördüncüdə Premyerliqa (20) qərar tutub.

"France Football"ın müsabiqənin formatını dəyişmək qərarı FİFA ilə kəskin rəqabətlə bağlıdır. Axı dünya futbol qurumu da 1991-ci ildə fransız nəşrinin yolu ilə gedərək, "brilliant top" mükafatı təsis edib. Bu titullun qalibi isə yığma komandaların məşqçiləri arasında aparılan sorğu nəticəsində müəyyənləşir. "Qızıl top" əvvəllər planetin ən yaxşı fərdi mükafatı sayılırdı. Amma FİFA-nın öz mükafatını təbliğ etməsi nəticəsində Qabriel Anonun 51 il öncə irəli sürdüyünün əhəmiyyəti XXI əsrdə getdikcə azalmağa başlamışdı. İndi isə "qızıl top" nüfuzuna görə FİFA-nın "brilliant top" ilə bərabərləşdi və indi onun qalibini 53 deyil, beş qitənin 93 futbol jurnalisti müəyyənləşdirəcək. Bundan sonra "France Football"ın müsabiqəsinin əsas məqsədi dünyanın ən yaxşı futbolçusunu seçmək olacaq.