
"Qəbələ"yə kim sahib çıxmalıdı? - Yazı
- 03 İyl 2025 23:57
- 85
Mənim "Qəbələ"yə olan rəğbətimi hər kəs bilir, bunu heç vaxt gizlətməmişəm, dəfələrlə dilə də gətirmişəm. Bu klubun uğuruna öz uğurum kimi sevinmişəm, çünki Azərbaycan futbolunun inkişafına ən xırda belə xeyri dəyən hər kəsi özümə dost sayıram. "Qəbələ" isə bu məsələdə öncüllərdəndi, bir ara flaqman idi, lider idi.
İdi. İndi deyil.
İndi durum başqadı, acınacaqlıdı.
Bəs kimdi günahkar?
Yaranan duruma obyektiv baxış mütləqdi. Davam etməzdən öncə bir şeyi özümüz üçün qəbul etməliyik: klubun Akademiyasının fəaliyyətinin məhdudlaşdırılması səbəb yox, nəticədi. Bir günün, 5 günün, 3 ay, 1 ilin yox, daha uzun müddətin nəticəsi(zliyi).
Hələ "Xəzər Lənkəran" fəaliyyətini dayandıranda bəlkə də yeganə jurnalist idim ki, baş verənlərdə əsas günah ünvanı kimi Mənsimovu göstərmişdim. Sənin kiminləsə şəxsi problemin varsa, biznes maraqların üst-üstə düşmürsə, ya zidd gedirsə, bu sənə yüzminlərlə insanı arxasınca aparan klubu o günə qoyub dağıtmağa haqq vermirdi. Cəmi bir gəmidən gələn gəlirlə komandanı saxlamaq, ölməyə qoymamaq olardı. Olardı yox, olmalı idi. Çünki cənub zonasını bilmirəm, amma ölkə ictimaiyyəti Mübariz bəyi geniş mənada məhz XL-lə tanımış, ona görə sevmişdi. Məhz o klubun hesabına bir çox qapılar açılmışdı iş adamının qarşısında.
Təbii ki, bu köhnənin söhbətidi, hər kəsin öz həqiqəti ola bilər. Mən öz baxış bucağımı dedim.
İndi də "Qəbələ". Oxşarlıqlar var.
Bu klubun ölkə futbolu üçün elədiklərini hər kəs bilir. Bu işlərinə görə kluba o qədər minnətdar olmuş, o qədər təşəkkür demişik, heç yorulmamışıq. Uşaq futboluna diqqətinə görə əsas komandanın, klubun səhvlərinin üstündən keçmiş, tənqid-təzyiqin dərəcəsini aşağı etmişik. Belə də olmalıdı. Ölkəm üçün edirsənsə, bunun əvəzini də hansısa formada almalısan. "Qəbələ" qəlbimizdə həmişə xüsusi yer tutub, tutur, tutacaq da.
Amma, ancaq və lakin...
Biz hər şeyi görürük. Başqa şeyləri də, pərdə arxasında olanları da. Bir var futbola baxmaq, bir də var futbolu, orda baş verənləri görmək. Baxmaqla görmək arasında böyük fərqlər var.
Klubun rəhbərliyinin, birbaşa Heydərovlar ailəsinin 2019-cu ildən "Qəbələ"nin "başını buraxdığını" diqqətli olanlar yaxşı bilir. Akademiyanın da, komandanın da, büdcənin də ikinci plana atılması məhz həmin dövrdən başlayır. Məhz həmin vaxtdan klub möhkəm dayaqlarını sadə dayaqlarla əvəzlədi, arxasında duranların özləri qalsalar da, əlləri möhkəm olmadı. "Qəbələ"nin I Liqaya ötənilki enişi də hadisədən 5 il əvvəl başlamışdı. Klubun prezidentliyinə Fariz Nəcəfov gətirilmiş, yük onun çiyinlərinə qoyulmuşdu. 44 günlük Vətən Müharibəsinin qəhrəmanı olan bu şəxs haqqında saatlarla dayanmadan danışmaq, onun şücaətini öymək olar. Bu ayrı məsələdi. Amma silah-sursatın yoxdusa, təminat yoxdusa, sən yalnız öz qəhrəmanlığınla döyüşə, bununla da bir yerə qədər gedə bilərsən. Müharibəni udmaq üçün isə hərtərəfli dəstək lazımdı. Fariz müəllim də məcazi mənada desək, tək avtomatla nə etmək olarsa onu, hətta ondan da artığını etdi, etməkdə də davam edir. Ancaq hər şeyin də bir sonu var. Onun da gücü bir yerə qədərdi.
"Bir gəmilik", ya da "yarım zavodluq" xərci var həmin Akademiyanın. Fantastik bir rəqəm deyil. Sadəcə istək lazımdı. O da yoxdu.
Məsələ aydındı. "Qəbələ"ni yaradanlar, zirvəyə qaldıranlar indi kənara çəkilib, arada 3-dən 5-dən atmaqla işlərini bitmiş sayırlar. Düşünürlər ki, biz bunu edirik, qalanını digərləri eləsin.
Digərləri, yəni kim?
AFFA?
Nə eləsin, məsələn?
Əlavə pul versin? Nə qədər? 1 milyon? Onu ötən sezon verib.
Bu sezon da versin?
Tutalım verdi. Sabah məsələn, "Sumqayıt" çıxıb desə ki, "onlara verirsizsə, bizə də verin, bizim də akademiyamız var", nə deyəcəyik? Eyni istək "Karvan"dan, "İmişli"dən, "Şamaxı"dan, "Turan"dan, "Araz"dan gəlsə, nə edəcəyik? Bəs I Liqadakılar, bəs II Liqadakı klublar? Hamıya pul paylanılsın? Onda o klubların adları niyə fərqlidi? Pul verilsin, verən də adını qoysun "AFFA-1", "AFFA-2", "AFFA-3" və s. başına da konkret öz adamını, iş bitsin. Lazımdı bizə bu? Elə əvvəlki AFFA rəhbərliyi Müşahidə Şuraları yaradıb bu yolla klubları "qanadı altına" alaraq futbolumuzu bu günə qoymamışdı? İllərdi etiraz etdiyimiz, olmasına qarşı çıxdığımız şey bu deyil?
Hər şeydə AFFA-nın üstünə qaçacağıqsa, klubların müstəqilliyi necə olacaq? Rəqabəti necə yaradacağıq? Çempionat necə çempionat olacaq? Yarış "yoldaşlıq görüşləri liqası"na çevrilməyəcəkmi?
Unutduğumuz dövlət dəstəyi də var son illər. Ciddi təkandı. Amma mən əvvəlcədən buna qarşı olmuşam. Xeyir ola dövlət öz büdcəsindən bir futbol komandasını maliyyələşdirməlidi? Biz bunu başqa, daha ciddi futbol ölkələrində təsəvvür edirikmi? Siz İspaniyada dövlətin, üstəlik, də federasiyanın məsələn, "Atletiko"ya pul verməsini təsəvvür edə bilərsiz? Mümkün deyil. Bəli, bura İspaniya deyil, səbəblər də, durum da təbii ki, fərqlidi, ancaq mahiyyət yuxarı-aşağı eynidi. 3 milyon manat isə ciddi rəqəmdi və böyük jestdi. O jestdən də lazımınca yararlanmaq lazımdı.
"Qəbələ" və onun akademiyası Azərbaycan futbolunun qısamüddətli müstəqillik dövrünün böyük irsidi. Ona sahib çıxmaq, ayağa qaldırmaq lazımdı. Amma bunu tək AFFA-nın üstünə yıxmaq nəinki düz deyil, strateji baxımdan səhvdir də. "Otumuz dağılır", AFFA-nı çağır. "Topumuz yoxdu", AFFA-nı çağır. "İşığımız yanmır", AFFA-nı çağır. "Adımızı yaza bilmirik", AFFA-nı çağır. Hər şeydə AFFA-nı çağır, amma komandanı legionerlə dolduranda AFFA "eləmə" desə, "daxili işlərimizə qarışma" de. Nəsə düz gəlmir e...
Böyümək, müstəqil olmaq zamanıdı, cənablar.
Yazar haqqında
