Qazax Olimpiya İdman Kompleksində Qazax Rayon Gənclər və İdman idarəsi, Qazax Rayonu üzrə Təhsil Sektoru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunun Qazax rayon birinciliyi yarışları keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qazax Rayon Gənclər və İdman idarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayonu üzrə Təhsil Sektorunun məsləhətçisi Orxan Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin giziri Vüsal Dolxanov çıxış edərək yarış iştirakçılarını salamlamış, yarış haqqında ətraflı məlumat vermiş və iştirakçılara uğurlar arzulamışlar.

Yarışda 30 komanda tərkibində 420 nəfər şagird iştirak etmişdir.

Komandalar çağırışaqədərki hazırlıq rəhbərlərinin və fiziki tərbiyə müəllimlərinin rəhbərliyi altında yüksək hazırlıq nümayiş etdirmişlər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Aşağı Salahlı kənd tam orta məktəbin komandası I yeri, Çaylı kənd 2 saylı tam orta məktəbin komandası II yeri, Aslanbəyli kənd tam orta məktəbin komandası isə III yeri tutmuşlar.

Birinci yerin qalibi, Aşağı Salahlı kənd tam orta məktəbin komandası 27 aprel 2023-cü il tarixdə Goranboy şəhərində keçiriləcək zona mərhələsində rayonumuzu təmsil edəcəkdir.