“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“İlk növbədə Ordumuzun uğurları ilə bağlı xalqımızı təbrik edirəm. Allah onları qorusun. Şəhidlərimizə rəhmət diləyirəm .

“Qarabağ"ın yorğun olacağını düşünürdük. Amma meydanda sürətli rəqib gördük. Onları saxlamaq üçün bəzi taktiki gedişlər etdik. Əslində 1-2 epizodda qol vura bilərdik. Daha dəqiq olsaydıq, hesabı aça bilərdik. Amma ikinci hissədə üstünlük rəqibin tərəfində idi. Heç-heçə bizim üçün yaxşı nəticə idi”.

38 yaşlı mütəxəssisin sözlərinə görə, hər bir məşqçi üçün rəqib komandanı yaxşı tanımaq üstünlükdür: "Amma bu həftə bir az çətinlik yaşadım. Rəqibin hansı heyətlə oynayacağını bilmirdim. "Qarabağ"ı daha az analiz etmişdim".

Sadıqov futbol oynadığı vaxtlarda da emosional olduğunu deyib: "Düşünmürəm ki, bu, futbolçulara pis təsir edir. Gələcəkdə məşqçi kimi bu qədər danışmağı düşünmürəm. Belə rəqiblə matçlarda oyunçularda psixoloji təzyiq olur. Danışmaqla onları tonusda saxlamağa çalışıram".

Baş məşqçi cari çempionatın çətin keçəcəyini söyləyib: "Çempionatımızdakı 5 aylıq fasiləyə baxmayaraq, oyunlar gərgin keçir. İddialı komandaların sayı çoxdur. Yaxınlarımla belə, danışanda deyirəm ki, son illərin ən çətin çempionatı olacaq. İki komanda çempionluğa oynayır. Digərləri isə avrokuboklar üçün mübarizə aparır".

Gənc mütəxəssis "Qarabağ"la oyunun start fitinədək fərqli hisslər yaşadığını vurğulayıb: "Amma hakimin fitindən sonra ancaq öz komandanın qələbəsi barədə fikirləşirdim. Çempionatımızda hər bir komandaya simpatiyam var. Amma indi yalnız öz uğurlarımız üçün çalışırıq".

Sadıqov rəqibin meydana ikinci heyətlə çıxacağını gözlədiyini bildirib: "Bu gün Qurban Qurbanovun Xayme Romero ilə Patrik Andradeyə istirahət verəcəyini düşünürdüm. Çünki qarşıda avrokubok oyunları var. Amma heyəti görəndə təəccübləndim. Bu gün gücümüz çatdığı qədər mübarizə apardıq".

O, mübahisəli epizodlar barədə isə bunları söyləyib: "İlk turda "Qəbələ" ilə matçda açıq-aşkar penalti olduğunu gördüm. Amma bu dəfə vəziyyət fərqlidi. İndi burada hansısa epizodu müzakirə etmək ədalətli olmaz. Çünki çox uzaq idim".