"Qarabağ"ın qənaət rejimində qələbəsi - şərh
- 22:05
- 41
"Qarabağ" qənaət rejimində oynayaraq qələbə qazandı.
Həmişə mövsümə ləng girən, matçlar, turlar keçdikcə forma yığan ağdamlılar, öz ənənəsinə sadiq qaldılar. Rəqibin kimliyindən asılı olmayaraq, ən zəif olsa belə durum dəyişmir. Üstəlik, toplanış təzə bitib, ağır yükləmələr olub. Bu məqamda həddindən artıq intensiv oynamaq zədə riskini dəfələr artırmaq deməkdir. Sərfəli hesabı təmin etmək və itkisiz irəliləmək mümkündürsə, Qurban Qurbanov məhz bu variantı seçir. Bu dəfə də belə oldu və bu, doğru qərardır.
Rəqib də "Qarabağ"ı yaxşı analiz etmişdi, çox qabağa çıxmırdı. Çıxan kimi cəzasını alırdı deyə, sona yaxın daha sıx oynamağa məcbur oldular. Ancaq nə qədər arxaya çəkilsən də, rəqib səndən bir baş üstündürsə, daha keyfiyyətli oyunçuların köməyi ilə istəyinə çatacaq.
Başqa nə gördük?
Taktiki baxımdan dəyişiklik yoxdur, eyni oyun fəlsəfəsi var, yalnız ifaçılar fərqlidir. Baş məşqçi uğur gətirən oyun sisteminə sadiq qalmağa üstünlük verdi. "Qarabağ" tanıdığımız "Qarabağ" olaraq qalacaq.
Oyunçulara gəlincə, Elvin Cəfərquliyev qayıtdı.
Əla oyunçu olaraq qalır və hələ ki uyğunlaşma dövrünü tamamlamayan Lanqa ilə rəqabətdə üstün tərəf odur. Yeni transfer də keyfiyyətli oyunçudur. Amma Elvin tam formaya düşsə və baş məşqçi də şans versə, əsas heyətdə yer məhz həmyerlimizin olacaq.
Varkonyi yaxşıdır. Düzdür, işi o qədər də çox olmadı, amma yenə də müsbət yadda qaldı. Heyətdə ilk matçını birbaşa təsnifat qarşılaşmasında başlamasına baxmayaraq, uyğunlaşma çətinliyi yaşamadı.
Savo əsl mərkəz hücumçusudur, bu bacarığı ilə komandaya çox kömək edəcək.
Muaddib, Lobato və Sefas az oynadıqlarından, konkret fikir bildirməsək daha doğru olar. Ancaq sonuncusu qısa zamanda faydalı iş əmsalını göstərdi, qol vurdu.
Kadini çox da bəyənmədim. Oyuna ciddi yanaşmırdı, köklənmə problemi vardı. Daha aktiv ola bilərdi. Ümumiyyətlə, bu çatışmazlıq komandanın əksər oyunçularında müşahidə edildi. Rəqibin adından irəli gələn məqamdır, ancaq düzəldilməsi lazımdır.
Qurban Qurbanov isə bütün heyətin durumunu rəsmi matçda gözdən keçirdi, əyər-əskikləri görmək imkanı qazandı.
"Qarabağ" səfərə rahat yollanır. İnamlı, gözəl, itkisiz bir qələbə qazanıldı, hələ uzun davam edəcəyi görünən mövsümə yaxşı bir start verildi.
Təbriklər və uğurlar, "Qarabağ"! Ardı gəlsin, davamlı olsun!