Hamını maraqlandıran məqamdır. Suallar çoxdur. Odur ki, analiz edib, aydınlıq gətirmək lazımdır. Lazımdırsa, edək. 


Beləliklə, "Qarabağ"ın aktivində 10 xal var və komanda 18-ci pillədədir. 9 xal qazanan "Marsel", "Bayer" və "Monako" var ki, 1 xal əldə edəcəkləri halda turnir cədvəlində bizi keçə bilərlər. Amma mən bu komandaların şansları haqda danışmağa ehtiyac duymuram, çünki onların bu xallara sahib çıxması bizi pley-offdan birbaşa etməyəcək. Ona görə də yalnız qələbə qazanaraq bizi üstələmək imkanı olanlara yönəlsək, daha doğru olar. Onlar isə aşağıdakılardır:


8 xalı olanlar


- PSV 

- "Atletik"

- "Olimpiakos"

- "Napoli"

- "Kopenhagen".


Və 7 xalı olan "Brügge". 


Belçikalıları indidən hesabdan silə, yaxud saymaya bilərik. Çünki onlar son turda "Marsel"lə qarşılaşırlar və bu matçda qeydə alınacaq istənilən nəticə bu 2 komandadan birini rəqib siyahımızdan çıxarır.


Qalır, digər 5 komanda. Bunlardan istənilən ikisi xal itirsə, "Qarabağ" pley-offa yüksəlir. Növbəti tur qarşılaşmalarına baxaq.


PSV - "Bavariya"

"Atletik" - "Sportinq"

"Ayaks" - "Olimpiakos"

"Napoli" - "Çelsi"

"Barselona" - "Kopenhagen".


Göründüyü kimi, yunanlardan başqa digərləri güclü rəqiblərlə qarşılaşırlar. Onlardan yalnız "Bavariya" 1/8-i təmin edib və oyunlarına "barmaqarası" baxa bilər. Ancaq münhenlilərin belə edəcəyi real deyil. Oynayacaqlar, ən azı uduzmayacaqlar. Alman hər yerdə almandır.


Digər 3 favorit - "Barselona", "Sportinq" və "Çelsi" pley-off kimi əlavə yükə düşməmək, 1/8 finala birbaşa vəsiqə qazanmaq üçün qələbə qazanmalıdır. Ona görə də oyunlarına ciddi yanaşacaq, xallar qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. 


Reallıq da var. "Kopenhagen"in səfərdə "Barselona"nın yenməsi möcüzə kimi bir şeydir. Odur ki, danimarkalıları da hesabdan silə bilərik.


Qalır 2 matç. 


Bu iki matçdan birində bərabərlik qeydə alınsa, biz pley-offu təmin edirik.


"Atletik" yaxşı komanda olsa da, PSJ-ni diz çökdürmüş "Sportinq"i üstələməyi asan olmayacaq. "Napoli"nin də işi çətindir. Antonio Kontenin yetirmələri "Çelsi"yə qalib gələ bilərlər, ancaq bu matç da hər 3 nəticənin mümkün olduğu qarşılaşmadır. 


Yazının əvvəlində 9 xalı olanları kənara qoymuşdum. Amma ürəyimiz rahat olsun deyə, onları da nəzərdən keçirək.


"Marsel"i qeyd etdik, qalır, "Bayer" və "Monako". 


Matçlar bunlardır:


"Bayer" - "Vilyarreal"

"Monako" - "Yuventus"


Almanların işi nisbətən asandır, "Vilyareal" üçün ÇL bitib, ancaq onlar da qapını möhkəm çırpmaq istəyə bilərlər. "Yuventus" isə son zamanlar formada olmayan, daha dəqiq desək, enişli-yoxuşlu qrafik cızan moneqasklıları səfərdə uda bilər. Bu, "ağ-qaralar" üçün xüsusi əhəmiyyət daşıyır, çünki qələbə onlara birbaşa 1/8 finalı gətirə bilər.


Xülasə, "Yuventus" qalib gəlsə və "Barselona", "Bavariya", "Çelsi", "Sportinq", "Ayaks"dan cəmi 1-i xal itirməsə, yaxud turinlilərin nəticəsindən asılı olmayaraq digərlərindən cəmi 2-si uduzmasa, "Qarabağ" pley-offa yüksəlir.


Mən "Qarabağ"ın artıq orada olduğunu düşünürəm. Son turda bu qədər sensasiyanın baş vermə ehtimalı yoxdur, hətta deyərdim, mümkünsüzdür.


"Barselona" və "Bavariya" müvafiq olaraq "Kopenhagen" və PSV-yə uduzmamasından sadə bir nəticə nə ola bilər ki?


Tanınmış futbol statistikası saytı "Football meets data" da təmsilçimizin şansını çox yüksək qiymətləndirir. Onların hesablamalarına görə, "QARABAĞ"IN PLEY-OFF ŞANSI - 99,5%-dir. 


P.S. Bir məqamı da unutmuşuq: 

"Qarabağ"ın da bir matçı qalıb. Bəli, "Liverpul"la, bəli səfərdə. Amma hələ bilmək olmaz orada nələr olacaq. Niyə "Enfild"də də iz qoymayaq?