Əfqanıstanı aşağılamayaq, araşdıraq
- 11:00
- 41
U-15 millimizin Əfqanıstana məğlub olması geniş müzakirələrə yol açıb. Tənqidlər haqlıdır, uduzduğumuz komanda Avropanın hansısa güclü, heç ortabab millisi də deyil. Tək idmanına yox, yaşam tərzinə, səviyyəsinə görə dünyanın geridə qalmış ölkələrindən hesab olunan Əfqanıstandan söhbət gedir. Hansı ki, gözümüzü açandan bu ölkədə müharibələr, daxili çəkişmələr gedir. Əfqanıstan deyəndə ağla terror qrupları, narkotiklər və bu kimi şeylər gəlir. Amma...
Bir az ayılaq. Qınamıram, 6 ildən çoxdur bütün sərhədlərimiz bağlıdır, dünyadan təcrid olmuşuq və elə bilirik ki, Avropa da, ABŞ da, inkişaf da elə biz özümüzük. Elə deyil cənablar, bir qədər baş sındırıb araşdırma aparsaq, görərik ki, illərdi özümüz özümüzü aldadırıq. Bu gün uşaq futbolundan bəhs edən bir yazı yazmışdıq, Davamı olacaq. Araya da elə bu yazını salım.
Məlumatımız olsun ki, bizim sivilzasiyadan uzaq hesabn etdiyimiz Əfqanıstanda belə, futbol inkişaf edir (etdirilir).
Keçən ildən bu ölkənin futbol federasiyası bir sıra mühüm layihələrin icrasına start verib. Əfqanıstan Futbol Federasiyasının prezidenti Məhəmməd Yusif Kargar həm də FİFA-nın Texniki və İnkişaf Komitəsinin üzvüdür. Bu şəxs bu ilin yanvarında Malayziyada keçirilən Asiya Futbol Konfederasiyasının (AFK) rəsmi iclası çərçivəsində mühüm infrastruktur layihələrinin həyata keçirilməsini təmin edib. Necə? AFK və FİFA rəhbərliyi ilə danışıqlar aparıb, layihələrini təqdim edib və maliyyə dəstəyi alıb. Dərhal da işlərə start verilib. Görüləcək işlər nədən ibarət olacaq, gəlin yaxından tanış olaq:
Herat və Qəznidə futbol meydançalarının yenidən qurulması, həmçinin Lógar vilayətində yeni idman meydançasının inşası təsdiqlənib. Bu layihələr Əfqanıstan daxilində futbol infrastrukturlarının əlçatanlığını və keyfiyyətini artırmaq, idmançılar və yerli icmalar üçün məşq və yarışlar keçirmək məqsədilə daha yaxşı şərait yaratmaq məqsədi daşıyır.
Bundan başqa, Qəndəhar və Bəlx vilayətlərində mini-futbol meydançalarının yaradılması ilə bağlı işlər yekunlaşıb ki, bu da gənc oyunçuların idmanla məşğul olmaları üçün imkanları daha da genişləndirir. Həmçinin, Bədəxşanda stadionun inşası və Kabuldakı əsas stadionun tamamilə yenilənib müasir stadiona çevrilməsi üçün də müzakirələr davam edir.
Eyni zamanda ölkədə futbolun inkişafı layihəsi çərçivəsində 25 yeni futbol meydançasının tikilməsi də nəzərdə tutulub.
Həmçinin Kabildəki 25 minlik stadion da müasir standardlara uyğun olaraq təmir ediləcək.
Paylaşdığım ikinci şəkil yeni inşa olunacaq Bədəxşan stadionunun layihəsidir. Əslində böyük idman kompleksidir və 45 milyon manat xərclənəcək. 40 min tamaşaçı tutumu olacaq stadionun ərazisində əlavə 3 yardımçı meydança da fəaliyyət göstərəcək. Bunları ona görə paylaşdım ki, Əfrqanıstanı aşağılayıb lağ etməyək. Bizim futbolumuz bu gün lağ etdiyimiz Əfqanıstandan da geri qalır. Daşlı, qumlu, əlverişsiz iqlim relyefində və zonasında yerləşən, terror, narkotik ölkəsi kimi tanıdığımız Əfqanıstanda belə, futbolun inkişafı üçün bizdən çox iş görülür.
Anar XANLAROV