“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycan Premyer Liqasında qazandıqları 9-cu çempionluq münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlama verib.

Rekord.az xəbər verir ki, kabo-verdeli bunları söyləyib:

“Çempionluğumuzu böyük "Qarabağ" ailəsi ilə qeyd edirik. Olduqca xoşbəxtik. Ötən il bu sevinc bizə qismət olmadı. Bu mövsümdə isə istəyimiz o qədər çox idi ki, çempionluğu vaxtından əvvəl rəsmiləşdirdik. Bundan sonra əsas məqsəd ölkə kubokunun finalında qələbə qazanmaqdır. Kuboku da əldə etməyə çalışacağıq.

Cari mövsümün sonunda Ağdam klubu ilə müqaviləsi başa çatacaq 29 yaşlı oyunçu agentinin yaxın vaxtlarda Bakıya gələcəyini söyləyib: "O, klubla bu məsələni danışacaq. Ümid edirəm ki, hər şey qısa müddətdə həllini tapacaq. Görək, hansı qərara gələcəyik. Detallar barədə danışmaq istəmirəm. İnanıram ki, hər iki tərəf üçün uyğun olan şərtlərlə razılıq əldə olunacaq".

Andrade "Qarabağ"da özünü xoşbəxt hiss etdiyini vurğulayıb: "Hazırda bura mənim evimdir. Hər şey məni və ailəmi qane edir. Amma gələcək barədə heç nə deyə bilmərəm. Agentimin klubla söhbətindən sonra hər şeyə aydınlıq gələcək".

“Qarabağ”ın kabo-verdeli digər legioneri Leandro Andrade də çempionluq sevincini bölüşüb: 

“Komandada keçirdiyim 6 ayı uğurlu saymaq olar. "Qarabağ"a gəlməklə yeni şeylər öyrəndim. Çempionluğun dadını çıxarır, qələbəmizi qeyd edirik. İnanıram ki, davamı gələcək. Bu, hələ başlanğıcdır. Məqsədim "Qarabağ"la çoxlu titul və təcrübə qazanmaqdır".