"Qarabağ" üçün "Sirat körpüsü" səviyyəsində sınaq...
- 13:28
- 35
Hamı "Neftçi" ilə matçı deyir, daha vacib oyunu unudur. Uzun "Nyukasl" səfərindən 3 gün sonra "Qarabağ" çempionluq yolundakı əsas rəqibi "Sabah"la oynamalıdır. Bu qarşılaşma daha əhəmiyyətli və taleyönlüdür.
"Neftçi" matçı ÇL oyunundan sonra oynanılsa da Bakıda keçiriləcək. Bərpa prosesini rahat keçmək, toparlanıb oynamaq olar. Məncə, "Qarabağ" yorğun halda belə əzəli rəqibi yenə də məğlub etmək gücündədir. Proqnozum odur ki, belə də olacaq. Əsas olan bundan sonrasıdır.
"Qarabağ" növbəti "Azərbaycan derbisi"ndən sonra ən uzaq səfərinə çıxacaq. Nyukasl şəhəri Liverpuldan da uzaqdadır, faktiki Şotlandiya ilə sərhəddə yerləşir. 6-7 saatlıq uçuş məsafəsi var. Bu faktiki həmin uçuş gününün yolda keçməsi deməkdir. İlk matçının təmsilçimiz üçün uğurlu ola biləcəyini nəzərə alsaq, cavab qarşılaşmasının daha ciddi mübarizədə, özü də 90 yox, 120 dəqiqə keçmə, hətta penaltilərə qədər uzanma ehtimalı da var. Bu ağır oyundan 3 gün sonra bəlkə də ölkə çempionluğunun əldən gedəcəyi matça çıxmaq daha çətin sınaqdır. "Turan"la son matçda da gördük ki, "Qarabağ"ın əsas heyəti belə fiziki və psixoloji yorğun olanda xal itirə, məğlub da ola bilər. Tovuzlular bu şansı min faizlik qol epizodunu qaçırmaqla boşa verdilər. "Sabah"la oyunda da eyni ssenarinin təkrarlanmasına ümid yoxdur.
Bir sözlə, "Qarabağ"ı çox ağır fevral gözləyir. Bu aydan "sağ çıxsa"lar, daha onlara "ölüm yoxdur".
P.S. Hələ ÇL-də tur keçilsə, ayrı bir dərddir. "Sabah"la matçdan 3 gün sonra kubokun cavab oyunu, ondan da 3 gün sonra çempionatda yeni oyun, ondan da 3 gün sonra ÇL-in 1/8 finalında bəlkə də "Barselona" ilə matç var. Daha 3 gün sonra da növbəti çempionat oyunu... Ondan da 3 gün sonra ÇL-in cavab oyunu... Bitmir e...