İlk matçdakı qələbə həm hesabda, həm də psixoloji planda üstünlüyü biz tərəfə çevirmişdi. Yalnız doğma divarlar arasında, öz azarkeşlərimizin gözü önündə sadəcə sərfəli nəticə qazanmaq, bu üstünlüyü qorumaq lazım idi. Bərabərlik də olardı, minimal hesablı məğlubiyyət də. Təəssüf ki, sonuncusu yaşandı və hamımız böyük stress yaşamağa məcbur olduq. Səbəblərini araşdıraq.


* * 


Start heyətində dəyişikliyimiz yox idi. Qurban Qurbanov adəti üzrə “qalib heyəti dəyişməzlər” prinsipinə üstünlük vermiş, ada yox, yenə də öz sisteminə güvənmişdi. Xüsusi bir gözlənti də yox idi. Müdafiənin mərkəzinə toxunmaq olmazdı, çünki ora həssas nöqtədi. Ordakı futbolçular sırf bir-biriləriylə yüksək anlaşma olanda yaxşı çıxış edirlər. Bəhlulla Kevin isə bu gün üçün ideal cütlükdü. Hərçənd Saminin müdafiədən çıxma zamanı əla ötürmələrinə ehtiyac vardı, çöx köməyimizə gələrdi, amma risk etmək olmazdı. Cinahda Elvini Toralla, ortada isə Bikalyonu Kuakuyla əvəzləmək olardı, ancaq Hoca yenə də “sınaqdan keçmiş”lərə üstünlük verdi.

Rəqibdə isə ilk matçdan fərqli olaraq Şalai, Qartenmann və Tot ehtiyata düşmüşdü. Sonuncunu əvəzləyən Keyta əla oyun keçirdi və əsas ümid zonamız olan yarımmüdafiəmizə ciddi problemlər yaratdı. Karyerası ərzində keçirdiyi böyük matçlar təcrübəsi köməyinə gəldi. Ötvösün də oynamama ehtimalı vardı, zədəsi mane olmalı idi. Ancaq yenə də bir hissə kömək edə bildi komandasına. Çempionatlarındakı oyunun təxirə salınması “Ferensvaroş”a toparlanmaq, daha yaxşı fiziki duruma gəlmək imkanı vermişdi. Oyunboyu bu baxımdan problem yaşamadılar, son saniyələrə qədər qapımızda çadır qurduqlarını da gördük.


* * 


Qonaqların düzülüşü dəyişməmişdi, 3-5-2 ilə oynadılar. Budapeştdəki matçın ilk yarısında Robbi Kin fərqli addım ataraq komandasını çox irəli göndərməmiş, ehtiyatlı oynayaraq sistemini daha çox 5-3-2-yə transformasiya etmişdi. Bu plan yaxşı işləmişdi, “Qarabağ” gözlənilmədən qarşısında qapanan komanda görmüş, uyğunlaşa bilməmişdi. Yalnız fasilədən sonra Hoca dəyişikliklərə gedərək durumu toparlaya bilmişdi. Bakıda isə Kin daha intensiv, daha hücumameylli oyuna üstünlük vermişdi (plan ilk yarıda yormaq, sona yaxın isə məsələni həll etmək idi). Gözlənilirdi, ancaq bu intensivliyin forması gözlənilməz idi. Sanki qonaqlar “Qarabağ”ın nəbzinə uyğun basqı edirdilər. Ümumilikdə, startdan bütün nöqtələr üzrə pressinq edir, bunu orta xətdə xüsusilə artırır, hər oyunçumuza fərdi təzyiq edərək komandamızın əsas gücü olan yarımmüdafiədəki oyununu pozurdular. Nəticədə müdafiədən hücuma uzun paslarla cinahlardan çıxmalı olur, bu zaman da rəqibin uzunboy müdafiəçilərinin nisbi üstünlüyü ilə qarşılaşırdıq. Toplar ordan geri qayıdır, rəqib hücumu yenidən başlayırdı. Nəbz məsələsi o idi ki, macarlar “Qarabağ”ın həyəcanı səviyyəsinə uyğun artıma gedirdilər. İlk qoldan sonrakı 10 dəqiqədə bunu çox rahatlıqla görmək mümkün oldu. Ağdamlılar ikinci qolu buraxmamaq qorxusu ilə spontan müdafiə olunur, xeyli səhvlərə yol verir, boşluqlar yaradırdı. Kinin yetirmələri də məhz bunu gözləyirmiş kimi intensivliyi maksimuma çatdırır, var gücü ilə təzyiq edərək istəklərinə çatmağa çalışırdılar. Leandronun qolu bu baxımdan çox yerində gəldi. Sürətli əks-hücum, Nərimanın sona qədər mübarizəsi, əla kombinasiyanın əla yekunlaşdırılması. Vaxtında, rəqibin konsentrasiyasını pozan qol oldu. Bundan sonrakı dəqiqələrdə də “Ferensvaroş” heç nə ilə yadda qalmadı və növbəti dəfə nəfəs dərərkən daha bir topu qapısından çıxarmaq məcburiyyətində qaldı. İlk yarının ilk yarısı onların, ikinci hissəsi isə bizim aktivimizə yazıla bilər.


* * 


Hər şeyin bizim üçün yaxşı bittidiyini düşündüyümüz anda “bura Çempionlar Liqasıdır” cümləsini xatırlamaq lazım oldu. Fasilədən çox rahat dönən və qrupu təmin etmiş kimi davranan "Qarabağ" tezliklə "nəsib"ini aldı. Bu turnirdə heç bir hesabla, heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz. Sona qədər mübarizə aparmaq lazımdı. Necə ki, macarlar etdi. Kin fasilədə əvəzetmələr edərək orta düzlüyü yenilədi, gücünü bərpa etdi. Robbi müəllim doğru təyin edilməsinə əmin olmadığım penaltidən sonra da rəqibin müqavimətinin zəiflədiyini görərək müdaxilələrini dayandırmadı. Çox çalışıb müsbət təəssürat yaradan Keytanı əvəzləyən Tot da qol vurunca, işlər lap cığırından çıxdı. Qeyri-dəqiq zərbə ilə yekunlaşan bir neçə əks-hücumumuzu çıxsaq, ikinci hissədə oyunun ancaq meydançanın bizə aid olan hissəsində keçdiyini deyə bilərik. Sona yaxın Kadi və Zubir əldən düşmüşdü, hətta dəmir adam Yankoviç də güclə nəfəs alırdı. Əla oyun keçirən Nəriman da yorulmuşdu. Məncə, onları daha əvvəl də dəyişmək olardı. Yeganə ümid dözməyə və gözləməyə qalırdı. Bu məqamda Koxalskinin adı çəkməliyik. Məhz qolkiperin inamlı oyunu (cərimə zərbəsindən qolu nəzərə almırıq) komandanın özünə güvənini təmin etdi. Mateuş kritik seyvlərlə istedadını ortaya qoya bildi. 


* * 


Hər halda, tarixdə nəticə qalır və onilliklər sonra hər kəs oyunun necə keçdiyini yox, onun necə bitdiyini xatırlayacaq. Qurban Qurbanov əlinin altındakı heyətin potensialına bələddi və gücü 180 dəqiqəyə doğru paylamışdı. "Qarabağ"ın qaçan yox, topla oynayan komanda olduğunu bilirik. Heyətdə texnikalı futbolçular yetərincədi və əsas olan onlardan doğru vaxtda, doğru həcmdə yararlanmağı bacarmaqdı. Zubir və Kadi, məsələn. Onların istənilən matçın taleyini 15-20 dəqiqədə həll edib qalan dəqiqələrdə meydanda sadəcə gəzişdiyinə dəfələrlə şahidlik etmişik. Bu yaşdan sonra onları dəyişmək də mümkün deyil. "Gülü sevən, tikanına da dözər" misalını xatırlayıb, "taleyimizlə barışmalıyıq".


Cəfərquliyev və Bikalyo yenə imkanlarından zəif oynadılar. Xüsusilə Elvinin cinahı boş idi. Hücuma aludə olması, müdafiədə isə inamsız oyunu bizə tura başa gələ bilərdi. Hər iki matçda onun cinahından xeyli təhlükələr gördük, qollar da buraxdıq. Addai haqda isə söz açmasam yaxşıdı.


Nəriman Axundzadə haqda da danışmalıyıq. Möhtəşəm oynadı. Vallah, hansısa legioner bu qədər faydalı iş əmsalı nümayiş etdirsəydi, yerə-göyə sığdırmazdıq. Sağ olsun, son nəfəsə qədər döyüşdü, xeyir verdi, qələbədə müstəsna rol oynadı. Ancaq hücuma oyunçu alınması lazımdı. Qrupda tək Axundzadə ilə alınmayacaq. Zədə, vərəqə amili, həmçinin rəqibdən asılı olaraq müxtəlif hücum variantlarının tətbiqi gərəkəndə alternativ addımlara ehtiyac olacaq.