“Qarabağ” kimi məğlub olmaq
- 09:21
- 93
“Qarabağ”ın “Nyukasl”a 1:6 hesabıyla məğlub olması hələ də gündəmimizin əsas mövzularından biridir. Sosial şəbəkələrin verdiyi geniş imkanları “Qarabağ” üzərindən tətbiq etməyi sevən xalqımız ürəyini klaviatura arxasında boşaltmağa böyük həvəs göstərir. Rəqibin büdcəsini, ad-sanını, futbolçuların qiymətini, bu qarşılaşmanın statusunu nəzərə almağa elə də həvəsli görünmürük. Olsun. Bu üsulla xalqımızın ürəyi boşalıb, qəzəbi soyuyacaqsa, elə bu cür də etsinlər.
Dünən axşam “Fənərbaxça” da UEFA Konfrans Liqası çərçivəsində İngiltərə Premyer Liqasının təmsilçisi ilə qarşılaşırdı. Rəqib “Nyukasl” qədər iddialı və zəngin deyildi, “Nottingem Forest” idi. Hazırda “sağsağanlar” 36 xalla 10-cu pillədə qarşılaşıblar. 26 turdan sonra hesabında 10 qələbə olan “Nyukasl”ın gələn mövsüm də avrokuboklarda oynamaq şansı az görünsə də, yox deyil. Çünki 4-cü pillədəki “Mançester Yunayted”lə fərq 9-a bərabərdir, 5-ci sıradakı “Çelsi” “Nyukasl”ı səkkiz xal qabaqlayır. İngiltərə Premyer Liqası kimi gərgin bir turnirdə bu fərqin qapanması elə də çətin görünmür. “Nyukasl”dan fərqli “Nottingem Forest”in qayğıları avrokuboklara düşmək deyil. İngiltərənin ən qədim futbol klublarından biri hazırda elitadakı yerini qorumağa çalışır.
“Nottingem Forest” “düşmə zonası”ndan cəmi bir pillə öndədi. 27 xallı komanda 18-ci pillədəki “Vest Hem”i cəmi 3 xal qabaqlamağı bacarıb. Onları da qarşıdakı turlarda öz məqsədlərinə çatmaq üçün gərgin mübarizə gözləyir. Belə çətin məqamda belə “Nottingem Forest” İstanbulda “Fənərbaxça”ya qarşı əla mübarizə aparıb, meydandan 3:0 hesablı qələbəylə ayrılmağı bacardı. Özü də hesab da tam oyuna görə oldu. Qışda heyətinə Matteo Gündizini, Nqola Kanteni qatmasıyla öyünən “Fənərbaxça” meydanda varlıq göstərə bilmədi, bütün komponentlərdə rəqibinə uduzdu.
Gündizinin bazar dəyəri 26 milyon avrodurur. Kantenin 2,5 illik müqaviləsi isə “Fənər”ə 41,9 milyon avroya başa gəlib. İki futbolçunun mailiyyəti “Qarabağ”ın ümumi büdcəsindən çoxdur. Hələ mən digərlərini demirəm. Bu boyda xərcin-borcun qarşılığında doğma meydanında 0:3 hesabıtyla uduzasan, ölkə futbolunun imicini yerləbir edəsən, reytinq xallarına töhvə verə bilməyəsən. “Qarabağ” belə etsəydi, indi biz “köhlən atlar”a sağdan da döşəyirdik, soldan da. Nə Çempionlar Liqası ilə Konfrans Liqasının arasındakı fərqə baxacaqdıq, nə də “Nyukasl”la “Nottingem Forest”in müqayisəsinə. Bütün bunların fonunda “Fənərbaxça” dünən axşamdan təbliğatı belə qurub ki, guya, avrokuboklarda qəsdən uduzublar, bundan sonra bütün diqqəti Türkiyə Superliqasında çempion olmağa yönəldəcəklər. Hər-hansı kluba rəhbərlik edənlər də gərək uduzanda abır-həya eləsin, başını aşağı salıb, bir qədər utansın.
Uduzmaq qəbahət deyil. Onsuz da futbolda da digər mübarizələrdə olduğu kimi tərəflərdən biri məğlubiyyətə məhkum olur. Amma o məğlubiyyəti də mərdliklə qəbul etmək, səhvlərdən nəticə çıxarmaq lazımdır. Elə “Qarabağ” kimi. Azərbaycan çempionu onsuz da bizim futbolumuz üçün çox şeylər edib, möcüzələrə imza atıb. Qurban Qurbanovu və onun komandasını qınayanlar hərdən “Fənərbaxça”ya da baxsınlar.