Azərbaycan Premyer-Liqası 2023-24-cü illər mövsümünün qalibi – Ağdamın “Qarabağ”  klubu bu yay UEFA Çempionlar Liqasının təsnifatına 1-ci yox, 2-ci mərhələdən qatıla bilər. “Rekord.az” xəbər verir ki, bu sözügedən turnirin yeni reqlamenti nəticəsində mümkündür.

UEFA Çempionlar Liqasının 2024-25-ci illər mövsümü yeni formatda keçiriləcək, qrup mərhələsi Liqa formatı ilə əvəzlənəcək. Yeni format və klub sayının artımı - 32-dən 36-ya çatdırılması - səbəbindən təsnifat mərhələsinin keçirilmə meyarlarına dəyişiklik edilib. Bu barədə UEFA-nın “UEFA 2024-27-ci illər klub yarışları tsikli” No 36/2023 saylı sənədində, həmçinin UEFA Çempionlar Liqasının yeni mövsümünün əsasnaməsinə müvafiq qeydlər əks olunub.

Aprelin 22-də UEFA-nın rəsmi saytında yayımlanan məqalədə də bu barədə açıqlama verilib. Link budur, tanış ola bilərsiniz: https://www.uefa.com/uefachampionsleague/news/028a-1a4c5be8e18a-29cbe32d5cf6-1000--champions-league-winner-rebalancing/


Beləliklə, sənədin 3-cü maddə 4-cü bəndində “Titulun son sahibinə nəzərən paylanma (yaxud yenidən balanslaşdırma – red.)” başlığı altında qeyd olunur ki, 

- UEFA Çempionlar Liqasının qalibi öz ölkə çempionatı vasitəsilə ÇL-in Liqa Yolu ilə vəsiqə qazanarsa, ÇL-ə Çempionluq Yolu (ölkələrin reytinqində 11-55-ci yerlərdə olanlar) vəsiqə qazanan ən yaxşı fərdi klub əmsalı olan klub UEFA Liqa Yoluna yüksəldiyi mərhələdən bir üst mərhələdən başlayacaq.

 

Qeyd olunan meyara uyğun gələn komanda 63,000 xalla Donetsk “Şaxtyor”udur və yuxarıda da qeyd etdik ki, UEFA artıq bu barədə ilkin məlumatı verib. 

 

Bizə maraqlı olan isə bundakı sonra prosesdir. Belə ki, Ukrayna təmsilçisi ÇL-ə Çempionlar Yolunun pley-offunda start verməli idi və yeni qayda onu birbaşa ÇL-in qrupuna aparır. Belədə, “Şaxtyor”un pley-offdakı yeri boş qalır. Məntiqlə onun yerini 3-cü təsnifat mərhələsindəki klublardan biri almalıdır. Ancaq iş orasındadır ki, heç bir klub yarışa ÇL-in 3-cü təsnifat mərhələsindən start vermir, ora ancaq daha aşağı mərhələnin qalibləri yüksələ bilirlər. Məntiqlə “Şaxtyor”un yerini 2-ci təsnifat mərhələsinin (25-55-ci ölkələr) ən yaxşı fərdi əmsalı olan klub tutmalıdır. Bu isə 35,000 xalla Macarıstan “Ferensvaroş”udur. 

 

Bu da son deyil. Macarlar 2-ci təsnifatdan birbaşa pley-offa yüksəlsələr, bu dəfə də onların yeri boş qalacaq və 1-ci təsnifat mərhələsində ən yaxşı əmsala malik klub oranı tutacaq. Bu klub isə 33,000 əmsalı olan bizim təmsilçi – “Qarabağ”dır! 

 

“Rekord.az” olaraq bununla bağlı, UEFA-ya rəsmi sorğu göndərdik və cavab da qısa zamanda gəldi. 

Avropanın Ali futbol qurumunun məktubunda qeyd olunur:

“Nəzərinizə çatdırmaq istərdik ki, UEFA Çempionlar Liqasının qalibinin yarışa həm də öz ölkə çempionatı vasitəsilə vəsiqə qazanması halında iştirakçı siyahısının yenidən balanslaşdırılması həqiqətən də UEFA Çempionlar Liqasının əsasnaməsinin 3.04 maddəsinə əsasən həyata keçiriləcək və hər müvafiq mərhələnin ən yaxşı fərdi klub əmsalına uyğun aparılacaqdır.

Hazırkı mərhələdə başqa şərhimiz yoxdur”.

Bu, konkret klub adının açıqlanması olmasa da, prosesin qeyd olunan gedişatla, daha dəqiq desək, bizim istinad etdiyimiz əsasnamə və onun müvafiq bəndinə uyğun aparılacağının təsdiqidir. 

 

Təbii ki, UEFA indidən bunu elan edə bilməz, çünki qurumun yarış bitməmiş və bütün hüquqi məsələlərə aydınlıq gətirilməmiş bunu etməsi yanlış anlaşıla bilər. Hər halda, bu gün üçün gedişat, rəsmi sənədlərdən irəli gələn nəticə budur. UEFA-nın son qərarını gözləməliyik. 

 

Və təbii ki, ÇL-i PSJ, “Bavariya” və ya Madrid “Real”ının qazanmasını. Dortmund “Borussiya”sının da bizim istədiyimiz meyara uyğun gəlmə ehtimalı var, çünki “sarı-qaralar” hazırda Bundesliqada 5-ci pillələdilər və 4-cü olmaq şansları yetərincə böyükdür. Digər tərəfdən, artıq çempionatının qalibi olan Leverkuzen “Bayer”i Avropa Liqasında da mübarizəsini davam etdirir və bu turnirin qalibi olacağı halda Almaniyada 5-ci pillənin sahibi də ÇL-ə vəsiqə qazanacaq. 
 

Kənan Məstəliyev, "Rekord.az"