Vaqif Cavadov rəsmən yola salındı. Düzgün, doğru, yerində və vaxtında verilmiş qərardı. Gətirilməsi də doğru idi, göndərilməsi də elə oldu. 


Əslində, təyinatı gözlənilməz olmuşdu. Bir məşqçi kimi faktiki klubun öz yetirməsi sayılan Cavadov bu şansı haqq etmişdi. 15 yaşlı uşaqlarla işdən başlamış, əvəzedici heyətin baş məşqçisi postuna qədər yüksələ bilmiş, işiylə özünə rəğbət qazandıra bilmişdi. Ancaq əsas komandaya rəhbərlik etməsi sürpriz oldu. Çünki bu addımın hansı effekti verəcəyi bilinmirdi, proqnozlaşdırılması da çətin idi. Böyük şəhərin komandasını gənc, bu yerlərdə işləmək təcrübəsi olmayan birinə tapşırmaq da risk idi. Hər halda, qərar verilmişdi.


Cavadov komandanı çətin psixoloji vəziyyətdə qəbul etdi. Samir Abasovun məlum qalmaqallı gedişindən sonra toparlanmaq üçün vaxta ehtiyac vardı. İlk 7 turunda qazandığı 4 qələbə gənc mütəxəssis barədə müsbət fikirlər bildirməyə, perspektivinə inanmaq üçün nikbin olmağa əsaslar verirdi. Komanda qıvraq, hərəkətli idi, oynanılan futbol da normal, nəticə də olduğuna görə, mediada da, ictimaiyyət arasında da "avrokubok" sədaları yüksəlməyə başlamışdı. 


Ancaq hər şey belə asan ola bilməzdi. Dekabrın ortalarında komandada təbii eniş yaşanmağa başladı və gün keçdikcə yerini psixoloji enişə verdi. Cavadov da bu prosesi idarə edə bilmədi. İşin futbol (idman) tərəfində iki aspektdə problem yaranmışdı.


Birincisi, Sumqayıt kimi şəhərin komandasının 4 ay ərzində qələbə qazanması bir yana, qol belə vura bilməməsini nə futbolçuların səviyyəsinə, nə də başqa bir şeyə bağlamaq olmaz. Hücumçun vura bilmir, yarımmüdafiəçin vursun. O vura bilmir, müdafiəçin, lap qapıçın vursun. Standart vəziyyətlər üzərində işlə, həmlə sayını artır, fərqli variantlar üzərində işlə, amma bu qolu vur. 9 çempionat, 2 də kubok matçında sən bu işin öhdəsindən gələ bilmirsənsə, deməli, səndə problem var. Həllini sən tapmalısan, biz yox. Üstəlik, bu müddətdə hər kəs sənin yanında, arxanda idi, dəstək verirdi. Başlayanda "gəncdi" deyilib dəstək olunmuşdusa, çətin vaxtlarda da yenə "gəncdi" deyilib dəstək olundu. Amma nəticəsi olmadı.


İşin ikinci aspekti fiziki hazırlıq məsələsi oldu. "Sumqayıt" Vaqif Cavadovun rəhbərliyi altında bütün matçlarda 1-ci hissədə ikincidəkindən yaxşı oynadı. Startda 20-25 dəqiqə intensiv təzyiq, qol imkanları əldə etmək, sonra mütləq eniş, qapıya çəkilmək, aşkar müdafiəyəmeylli, sırf nəticəyə hesablanan oyun. Yenə nəticə olsaydı, buna hansısa formada göz yummaq olardı. Amma sırf "Səbail"in aşkar bəxtsizliyi fonunda Liqada qala bilməyi heç kimə bağışlamaq olmaz. Yəni bu boşuna yorulmaq, bizi də yormaqdı. Pro kateqoriyası ilə öyünmək istəyən məşqçi "prostoy" işin öhdəsindən gələ bilmirsə, komandasının gücünü 90 dəqiqəyə düzgün paylaya bilmirsə, ancaq bəxtə güvənib nələrsə etməyə çalışırsa, taktiki müxtəliflik edə bilmirsə, ona o Pronu verən adamda günah axtarmaq lazımdı. 


Yeri gəlmişkən. Futbol təkcə meydandan ibarət deyil, ondan kənarda baş verənlər də xüsusi rol oynayır. Danışıq qabiliyyəti yetəri səviyyədə olmayan, gündə bir avaza rəqs edən məşqçinin gələcəyi olmayıb, yoxdu, ola da bilməz. Hər mətbuat konfransında əndrəbadi çıxışlar edən, hətta günahı medianın üstünə yıxmağa çalışan, sırf jurnalistlərin üzərində qələbə qazanaraq çempion olacağını düşünən Cavadov, səhv dalınca səhvlərlə yadda qaldı. Enerjisini buna yox, işinə sərf etməli olduğunu dəfələrlə desək, yazsaq da, adam dinləmədi. Cəmi 2-3 həftə az danışdı, onda da 2 qələbə qazandı, mətbuat konfransında da etiraf etdi ki, sakitcə işimlə məşğulam. Sonra yenə köhnə şakəri baş qaldırdı. O qədər yersiz açıqlamaları oldu ki, bir-bir yada salıb, vaxtınızı almaq istəmirəm. Özünüz də yaxşı bilirsiz.


Vaqif Cavadova yetərincə yaxşı şans da verildi. Sumqayıt "mən, gəncəm, imkan verin, 50 dənə oyun uduzum, 30 oyun qol vurmayım, sonra düzələcək" deyib vaxt keçirəcək bir yer deyil. Burda futbolu çox yaxşı bilirlər, kimin nəyə qadir olduğunu da tez və yaxşı sezirlər. Klubun büdcəsi çoxlarından yaxşıdı, şərait olaraq uzaqbaşı bir-iki rəqibindən geri qalar. Heyət də Azərbaycan standartlarına görə normaldı, "Kəpəz"dən də, "Şamaxı"dan da, hətta "Turan"dan da yaxşıdı. Bütün bunların fonunda ortaya qoyulan iş də, onun nəticəsi də qənaətbəxş deyildi. Klub da doğru addım atdı. 


İndi daha yaxşı məşqçi tapmaq, yaxşı transfer dövrü keçirmək lazımdı. Bu barədə sonra danışmaq imkanımız olacaq.


Vaqif Cavadov üçün isə yaxşı təcrübə oldu. Bu dəfə alınmadı, inanıram ki, bir müddətdən sonra yenə şans qazanacaq, daha yaxşı işlər görəcək. Ona uğurlar arzulayır, qazandığı təcrübədən doğru yararlanmağı diləyirəm.