
Premyer Liqada mövsümə yekun baxış YAZI
- 28 May 2025 21:18
- 189
Premyer Liqada 2024-25-ci illər mövsümü geridə qaldı. Məlumdur ki...
- "Qarabağ" növbəti - 12-ci çempionluğunu qazandı. Əslində, elə də asan olmadı. Xal fərqinin çox olmasının səbəbi rəqiblərin yaxşı durumda olmaması idi. Qurban Qurbanovun yetirmələri mövsümə yaxşı başlamadılar, yaxşı davam etdirmədilər, ancaq yaxşı bitirdilər. Güc, sürət gedə bilər, amma klass həmişə qalır. "Qarabağ" təcrübə, oturuşmuş sistem və oyunçuların keyfiyyəti hesabına qalib gəldi. Konkret meydandakı oyunu götürsək, onlardan da yaxşı bir komanda vardı.
- O da "Zirə"di. Mənə görə mövsümün komandası da "Zirə"di, məşqçisi də Rəşad Sadıqovdu. Liderdən 15 xal geri qalan bir kollektiv haqda bu sözləri işlətmək qəribə gələ bilər. Ancaq ortaya qoyulan performans başqa fikirlərə sövq edir. "Zirə" bu mövsümə də damğasını vurdu.
- "Araz" da təəccübləndirdi. Mövsümün ilk yarısında az qala çempionluğa oynaması, ikinci yarısında isə az qala avrokuboklardan kənarda qalmağa çalışmasıyla təəccübləndirdi. Elmar Baxşıyev yaxşı heyət qura bilməsi, yaxşı oyun oynada bilməyini bir daha sübut etdi. Ancaq heyət yetərsizliyi və şəraitsizlik mütəxəssisin bütün istədiklərini etməyə mane oldu. Bir gün Buzovnada alaq, bir gün Binədə süni, o biri gün Sumqayıtda ot örtükdə məşq edən, bəzən isə ümumiyyətlə arendalıq meydança tapmayıb sadəcə fitnesslə məşğul olmağa məcbur olan komandanı bura qədər gətirə bilibsə, Baxşıyevə ancaq alqış düşür. Ancaq bir şey də dəqiqdi ki, bu klubun Naxçıvana getməyincə böyümək şansı yoxdu.
- Enişli-yoxuşlu qrafik cızsa da, "Turan" da bu mövsümü aktivinə yazmalıdı. Startı əla verən tovuzların qışaqədərki performansı o qədər yaxşı alınmışdı ki, çempionluq iddiaları belə səslənməyə başlamışdı. Sonra gələn zədələr epidemiyası bütün planları pozdu. Ehtiyat qüvvə də yetərsiz olunca, komanda sabit qrafik cıza bilmədi (məsələn, çempionu 2 dəfə məğlub edib, autsayderlərlə xal itirmək kimi qəribəlikləri bura daxil etmək olar) və avrokuboklara birbaşa vəsiqə qazanmaq imkanını əldən verdi. Hər halda, "Turan" həm inkişaf istəyən rəhbərliyi, həm komandası, həm baş məşqçisi Kurban Berdıyev, həm də azarkeşləriylə yarışa rəng qatdı, müsbət mənada fərqlənərək gələcəyə ümid verdi.
- "Neftçi"ylə "Sabah" haqqında deyiləcək söz yoxdu, daha doğrusu, təxminən eynidi. Birlikdə 50 milyondan çox büdcəyə malik olan bu komandaların mövsüm ərzində 50 qəpiklik nəticə qazanmamaları, bərbaddan da o yana bir durumu ortaya çıxarır. Bu yekəlikdə biabırçı idarəetməni müzakirə belə etməyə dəyməz. Bütün sözlər deyilib, daşa-divara dəyib, qayıdıb. Təkrarçılıq etməyək.
- "Səbail" də ötənmövsümkü yanlış idarəetmənin qurbanı oldu. Haqqına da elitadan düşdülər. Əminliklə söyləmək olar ki, bu feyk klub üçün heç kim darıxmayacaq, 3-5 ildən sonra da ümumiyyətlə unudulacaq.
- Mənə görə "mövsümün bərbadları" nominasiyasında xüsusi mükafatın biri də "Sumqayıt"a düşür. Yaxşı büdcə, əla infrastruktur və şərait ola-ola, bu qədər bərbad olmağı bacarmaq da xüsusi istedaddı. Bu komanda Sumqayıt kimi şəhərin yeganə komandasıdı, hər cür dəstəyi də var. Bu şəhər elitada qalmaq uğrunda yox, minimum gümüş medallar uğrunda mübarizə aparan komandanı haqq edir. Klub rəhbərliyi bu mövsümdəki səhvləri analiz etməli və təkrarlanmaması üçün addımlar atmalıdı. Yaxşı, keyfiyyətli transferlər həyata keçirilməli, başına da keyfiyyətli məşqçi qoyulmalıdı. Yoxsa gələn mövsüm bundan da ağır nəticələr qaçılmaz olacaq və o zaman yaşanacaqları təsəvvür belə etmək çətindi.
- Mövsümün oyunçusu kimi Salifu Sumanı görürəm. "Şerif"lə oyundan sonra qovulmaq təhlükəsi yaşayan futbolçu, komandasının yalnız "Qarabağ"dan geri qalaraq uğurlu çıxışında müstəsna rol oynadı.
- Mövsümün matçı: ağlıma konkret bir matç gəlmədi.
- Mövsümün qurumu: Peşəkar Futbol Liqası. İlboyu gördükləri işlər bir yana, insanların evdən çölə çıxmağa belə çətinlik çəkdiyi çovğunda futbolu dayandırmamaq, yarışın davamını təmin etmək üçün etdikləri qışın da, ümumilikdə mövsümün də hadisəsi idi.
- Mövsümün qolunu Patrik Andradenin "Zirə"yə vurduğu qol hesab edirəm.
- Mövsümün komandası: Kristian Avram ("Araz") - Elvin Cəfərquliyev ("Qarabağ"), Ruan Renato ("Zirə"), İqor Ribeyro ("Araz"), Qismət Alıyev ("Zirə") - Marko Yankoviç ("Qarabağ"), Umarali Raxmonaliyev ("Sabah"), Kadi Borges ("Qarabağ"), Leandro Andrade ("Qarabağ") - Salifu Suma ("Zirə") - Nəriman Axundzadə ("Qarabağ").
- Mövsümün azarkeşi: Tovuz tribunası.
- Mövsümün kəşfləri: Edqar Ədilxanov ("Şamaxı") və Xəyal Əliyev ("Sabah").
- Mövsümün fotosu: Tovuz stadionunun qaranlıqdakı ümid işığı.
Yazar haqqında
