Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turundan təxirə salınmış və ötən gecə keçirilən “Everton” – “Kristal Pelas” matçı kifayət qədər dramatik alınıb.

Rekord.az xəbər verir ki, “Kristal Pelas” səfərdə 2:0 öndə olsa da, meydan sahibləri qalan dəqiqələrdə 3 qol vurmaqla əzmkar qələbəyə seviniblər. 85-ci dəqiqədə vurulan qələbə qolunun ardından hətta “Everton” fanatları meydana axışıblar. Lakin onlar tribunaya qaytarılıb və matçın qalan dəqiqələri də oynanılıb.

Qarşılaşmanın final fiti səsləndikdən sonra “Everton”un azarkeşləri yenidən meydana qaçıblar. Bu zaman azarkeşlərdən biri qonaq komandanın baş məşqçisi Patrik Vieyraya doğru qaçıb. Lakin hirsli olan Vieyra onu bu hərəkətinə görə döyüb. Əvvəlcə azarkeşin boynundan tutan məşqçi, daha sonra onu təpiklə vurub. Davanın daha da böyüməsinə digər azarkeşlər mane olublar.

Qeyd edək ki, “Everton” bu qələbə sayəsində Premyer Liqada qalmağı təmin edib.