İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Reyms” klubundan Vut Faesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikadan olan mərkəz müdafiəçisinin keçidi İngiltərə təmsilçisinə 17 milyon avroya başa gəlib. Onunla 5 illik müqavilə imzalanıb.

Vut Faes “Anderlext”in yetirməsidir. 24 yaşlı futbolçu 2020-ci ildən oynadığı “Reyms”də 77 oyuna çıxıb, 5 qol vurub. Bu il Belçikanın əsas millisində də debüt edən mərkəz müdafiəçisi, “Herenven”, “Ekselsior” və “Ostende”nin də formasını geyinib.

“Lester Siti” hücumçusu Corc Herstlə də yeni müqavilə bağlayıb. 23 yaşlı forvard yeni sözləşməyə əsasən, 2025-ci ilin yayına kimi bu klubda qalacaq.

Premyer Liqa təmsilçisi oyunçu ilə müqaviləni yenilədikdən sonra onu “Blekbern”ə icarəyə verib. İngilis futbolçu mövsümün sonuna kimi Çempionşip klubunda forma geyinəcək. O, 2019-cu ildən “Lester Siti”də çıxış edir. Daha öncə “Roterem Yunayted” və “Portsmut”a da icarəyə verilmiş futbolçu, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında, həmçinin “Şeffild Uensdey” və “Leuven”də oynayıb.