Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev sosial şəbəkədə maraqlı yazı paylaşıb.

Rekord.az xəbər verir ki, PFL rəsmisi Çempionlar Liqasının II təsnifat mərəhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Lex" matçı (5:1) haqda fikirlərini bölüşüb.

Onun qeydləri gənclər və idman naziri Fərid Qayıbov tərəfindən bəyənilib və paylaşımı «like» edib.

A.Şahgəldiyev yazıb:
"Oyunun təşkilatçılığında iştirak edən hər kəsə minnətdaram. Son illərin ən gözəl təşkilatçılıqlarından biri idi.

Stadionun təkcə "Gəncilk" metrosu tərəfdəki girişi yox, digər qapıları da açılmışdı, heç bir avtomobil stadiona buraxılmamışdı.

Əvvəlki oyunlarda 30000 azarkeş bir qapıdan stadiona daxil olurdusa, bu dəfə tablo tərəfdəki girişin açılması əsas qapının “yükünü” azaltmışdı.

Heç kimə lazım olmayan, giriş-çıxışa mane olan, mənasız turniketlər, dəmir-dümür yığını sökülüb atılmışdı. Demək olar ki, stadiona daxil olarkən, sıxlıq yox idi, oyundan sonra da tez bir zamanda boşaldı.

Ölkəmizdən kənarda 100 min azarkeş tutumu olan stadionlarda oyun izləmişəm.

Həmişə özümə sual veriridim ki, necə olur, ayda ən azı 2 oyun keçirilən bu stadionlarda giriş-çıxışda problem olmur, ancaq bizdə avrokubok oyunlarında dolan stadionlarımızda insanlar zülüm çəkir? Deməli, istəyəndə olurmuş.

Yaşadığm binanın həyətində də eyni mənzərədir. Onsuz da, yeni tikilən çox mərtəbəli binaların həyəti kiçik olur.

Uşaqların oynamağı üçün yer çox məhduddur, hər uşağa təxminən 1 metlax düşür. Bahalı avtomobilli əmilər iri "cip"lərini az qalır blokun qapısından içəri salsın.

Gah komendantla mühahisə edirlər, gah da şlaqbauma baxan şəxsin üstünə hücum edirlər. Binanın altında dayanacaqda nə qədər istəsən, yer var.

Bahalı maşın sürən əmilər özlərinə əziyyət verib ora düşmək istəmir. Onlar başa düşmək istəmir ki, bu həyət o uşaqlar üçündür, sənin avtomobilin üçün deyil.

Bir də, polisimiz çox səbrlidir, şəxsən mənim səbrim çatmaz. İnsana "olmaz" sözünü necə başa salasan? Nə isə, başınızı çox ağrıtmayım, həm oyun, həm də təşkilatçılıq mənə ləzzət elədi.

Bilmirəm, bəlkə də hansısa problemlər oldu, amma iş olan yerdə problemlər də qaçılmazdır. Əminəm ki, növbəti oyunlarda daha yaxşı olacaq".