"Əslində, həmin epizodda hakimin səhvi olmayıb, heç bir səhvi. Bu, "CBC Sport"da axşam verilişdə detallı göstəriləcək ki, necə olub. Hakimlərin səsləriylə də tanış ola biləcəksiniz ki, həmin vaxt qulaqcıqda nə danışırdılar. VAR hakimi hələ mümkün penaltiyədək baş hakimə işarə vurub ki, "Sumqayıt"ın hücumçusu tərəfindən "Zirə"ni müdafiəçisinə qarşı mümkün qayda pozuntusu var".

 

Rekord.az xəbər verir ki, bu fikirləri Sport24.az-a açıqlamasında PFL-in prezidenti Elxan Səmədov deyib.

 

Misli Premyer Liqasının III turuna "Dalğa Arena"da yekun vuran "Zirə" - "Sumqayıt" matçının (0:0) sonuna yaxın baş hakim Rəvan Həmzədadənin VAR-a baxdığı epizodu şərh edən qurum rəhbəri ədalət təmsilçilərinin işinin düzgün gördüklərini vurğulayıb: "VAR hakimi baş hakimə məsləhət göstərir ki, oyunu dayandırsın. Bunu izah edir ki, bizdə baxılası iki mümkün qayda pozuntusu var. Birincisi, hücumda fol, ikincisi penalti. Yəni, o birinci penaltiyə baxmağı tövsiyə edir. Bu, yoxdursa, VAR ümumiyyətlə, oyunu qayda pozuntusuna görə dayandıra bilməz. Bu, mümkün penaltiyə görə olunub. Bundan sonra hər iki epizoda baxırlar. Və "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun heç bir müdaxiləsi olmayanadək VAR hakimi baş hakimə deyir ki, iki epizod var baxılmalı. Penalti varsa, ikinci epizoda baxırıq. Orda da qayda pozuntusu olduğu müəyyənləşir. Bir sözlə, hakimlərin işində heç bir xəta yox idi. Sadəcə, ola bilər, bu baxılma olmalı olduğu müddətdən 1 dəqiqə artıq çəkib".

Xatırladaq ki, bu görüşdə VAR hakimi Nicat İsmayıllı olub.