Ordubad şəhər stadionunda rayon ümumtəhsil məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunu keçirilib.

Rekord.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edənlər birincilikdə iştirak edən komandalara uğurlar arzulayıblar.

Bildirilib ki, “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir. Rəsmi mərasimdən sonra məktəblilər təntənəli marşla tribuna önündən keçiblər. İştirak edən komandalar “Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Fiziki hazırlıq”, Maneələrin dəf olunması”, Mülki müdafiə hazılığı”, “Avtomatın sökülməsi və yığılması” və “Darağa patron doldurulması və boşaldılması” üzrə mərhələlərdə tapşırıqları icra ediblər. Ordubad Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 5 tam orta məktəbin komandası qalibiyyət uğrunda mübarizə aparıb. Yarışın yekun nəticəsinə əsasən, İnternat tam orta məktəbin komandası yarışın qalibi olub və muxtar respublika üzrə keçiriləcək “Şahin” hərbi-idman oyununun final mərhələsində iştirak hüququ qazanıb. Müvafiq olaraq 1 №-li tam orta məktəbin komandası II, Sabirkənd kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.