“Sabah”ın basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan kubokunun qrup mərhələsi çərçivəsində "Şəki"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 103:82 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:

"3 periodda yaxşı çıxış edib oyundan öncə tərtib etdiyimiz plan üzrə hərəkət etsək də, sonuncu perioddan narazı qaldım. 4-cü periodda heyətdə dəyişikliklər etsəm də, 29 xal itirməli deyildik. Ola bilər bəzi oyunçular hesab arasında fərqin 40 yüksəlməsindən sonra arxayınlaşdılar və görüşün artıq başa çatdığını düşündülər. Lakin peşəkar basketbolçu hesabı düşünməməli, sona kimi mübarizə aparmalıdır. Sonuncu hissədə isə bunu görmədim. Bunun üzərində işləməliyik. Lakin istənilən halda qələbə qələbədir. Ümumi götürsək, oyun gözlədiyimiz kimi keçdi. Komanda olaraq xallar toplamağımız məni sevindirir. 28 assist etməyimiz topun hərəkətdə olduğunu göstərir. Aqressiv oynayaraq rəqibi 20 dəfə topu itirməyə məcbur etdik. “Gəncə” ilə oyuna qədər bəzi çatışmazlıqları aradan qaldırmalıyıq".