Fransanın “Nitsa” klubu hücumçusu Kasper Dolberqlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 24 yaşlı forvard İspaniyanın “Sevilya” klubuna keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Danimarkalı futbolçu mövsümün sonuna kimi satınalma şərti ilə La Liqa təmsilçisinə verilib. Daha öncə “Silkeborq” və “Ayaks”da oynamış futbolçu, 2019-cu ildən oynadığı Fransa təmsilçisində 3 mövsüm ərzində 85 oyunda 24 qola imza atıb. Kasper Dolberq Danimarka yığmasında da 35 matça çıxıb və 10 qol vurub.

“Nitsa” digər oyunçularından Kelvin Stenqsi Belçikanın “Antverpen” klubuna, Aleksis Klod-Morisi isə “Lans”a icarəyə verib. Onların hər ikisi mövsümün sonuna kimi icarədə olacaq. Niderland yığmasının da üzvü olan Kelvin Stenqs “Alkmaar”ın yetirməsidir. O, 2021-ci ilin yayında 15 milyon avro qarşılığında “Nitsa”ya keçmişdi. Amma 23 yaşlı vinger bu komandada 32 oyuna cəmi 1 qol vura bilib. O, Niderland yığmasında da 7 oyun keçirib. Fransadan olan Aleksis Klod-Moris isə “Loryan”ın yetirməsidir. 24 yaşlı forvard 2019-cu ildən formasını geyindiyi “Nitsa”da 75 oyuna çıxıb, 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Mərəkəz müdafiəçisi İbrahim Sisse isə “Nitsa”dan birdəfəlik ayrlıb. O, bundan sonra “Nansi”nin uğurları üçün çalışacaq. Sözügedən kluba azad agent kimi keçən 23 yaşlı futbolçu, 2 illik müqaviləyə imza atıb. O, “Nitsa”nın öz yetirməsi olsa da, əsas komandada çox oyun keçirməyib. Fil Dişi Sahilindən olan müdafiəçi “Famalikan”, “Şatoru” və “Le Man” kimi klublarda icarədə oynayıb.

“Nitsa” heyətinə yeni futbolçular da cəlb edib. Sözügedən klub İngiltərənin “Çelsi” klubundan ayrılan Ross Barklini heyətinə qatıb, eləcə də Premyer Liqanın digər təmsilçisi “Brentford”dan Mads Bex Sörenseni icarəyə götürüb.

Azad agent kimi heyətə cəlb olunan Ross Barkli ilə müqavilənin müddəti və digər detalları açıqlanmır. 28 yaşlı hücumameyilli yarımmüdafiəçi 2018-ci ildən “Çelsi”də çıxış edirdi. İngilis futbolçu bu komandada 100 oyuna çıxıb, 12 qol vurub. O, ölkəsində “Everton”, “Lids” və “Aston Villa”nın da formasını geyinib. Yarımmüdafiəçi İngiltərə yığmasında 33 matçın iştirakçısı olub və 6 qola imza atıb.

Mads Bex Sörensen isə Danimarkanın “Horsens” klubunun yetirməsidir. Mərkəz müdafiəçisi 2017-ci ildən “Brentford”da çıxış edirdi. O, bu komandanın heyətində 70 oyuna çıxıb, 4 qol vurub. İngiltərə klubu danimarkalı müdafiəçini daha öncə “Uimlbdon”a da icarəyə verib.

Yeri gəlmişkən, “Brentford” digər oyunçularından Maylz Pirt-Harrisi “Forest Qrin Rovers”ə, Tarik Fosunu “Stok Siti”yə, Halil Dərvişoğlunu isə “Bernli”yə icarəyə verib. Onların hamısı bu mövsümün sonuna kimi icarədə çıxış edəcəklər. Tarik Fosu 2020-ci ildən oynadığı “Brentford”da 63 oyuna 5 qol vurub. İngiltərədə dünyaya göz açsa da, Qana yığmasında forma geyinən 26 yaşlı vinger, millidə 4 matça çıxıb, 1 qola imza atıb. Maylz Pirt-Harris “Brentford”un öz yetirməsidir. 19 yaşlı futbolçu hücumameyli yarımmüdafiəçidir. O, əsas komandada cəmi 2 matça çıxıb.

Halil Dərvişoğlu isə 2020-ci ildən “Brentford”dadır. Daha öncə Rotterdam “Sparta”sında oynamış futbolçu, Premyer Liqa klubunun əsas komandasında 12 oyuna çıxıb və 1 qol vurub. “Brentford” 22 yaşlı forvardı daha öncə “Tvente” və “Qalatasaray”a da icarəyə verib. Niderlandda dünyaya göz açmış futbolçu, 2021-ci ildən dəvət aldığı Türkiyə millisində 13 matça çıxıb, 6 qol vurub.