Aprelin 13-də futbol üzrə Azərbaycan birinci divizionunun matçında “Kəpəz” komandasının azarkeşləri üzərinə “Nəticələriniz gözümüzü YA$ARdır” yazılan pankartı qaldırıblar. “Turan-Tovuz” komandasına 3:2 hesabı ilə uduzan “Kəpəz” komandasının azarkeşlərinin bu mesajı baş məşqçi Yaşar Vahabzadəyə ünvanladıqları bildirilir.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İntizam Komitəsi pankartın açılmasını icazəsiz hesab edib və “Kəpəz” klubunu 160 manat məbləğində cərimələyib.

AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov deyib ki, hər hansı pankartın stadionda nümayiş etdirilməsi üçün Peşəkar Futbol Liqasından icazə alınmalıdır. 

Onun sözlərinə görə, “bu, onun üçün edilib ki, sabah təhqiramiz ifadələrin işləndiyi pankart açıla bilər və ya heç kimin başa düşmədiyi ingilis dilində söz yazılar və bu böyük bir rezonansa səbəb ola bilər”.

Rekord.az xəbər verir ki, “Fakt Yoxla” AFFA-nın bu addımının ifadə azadlığına uyğun olub-olmadığını araşdırıb. 

Fikr azadlığı, Azərbaycan Konstitusiyasında və Avropa İnsan Hüquqları Konvensiyasında (AİHK) təsbit olunan fundamental hüquqlardan biridir. Konstitusiyanın 50-ci maddəsinə əsasən, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var.

Konstitusiyanın 71.6-cı maddəsinə görə, Azərbaycan ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. 147.2-ci maddəyə əsasənsə, Konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir. 
 

AİHK-nın 10-cu maddəsində qeyd edilir ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.

“Kəpəz” azarkeşləri də dollar (“$”) simvolundan istifadə edərək komandanın baş məşqçisi ilə bağlı tənqidi fikirlərini nümayiş etdiriblər.

AFFA-nın İntizam Komitəsinin cərimələmək səlahiyyəti var. Qurumun Nizamnaməsinin 50.1-ci maddəsinə görə, “qeyri-idman davranışı baş verdiyi halda, oyun qaydaları, AFFA-nın Nizamnaməsi, əsasnaməsi, direktivləri və qərarları pozulduqda, AFFA-nın müvafiq hüquq tətbiqedici orqanları AFFA-nın İntizam Qaydalarına uyğun olaraq üzvlərə, vəzifəli şəxslərə, oyunçulara, klublara, habelə vasitəçilərə qarşı ...intizam tədbirləri görə bilər”. Həmin maddənin a, ıı hissəsinə əsasən, fiziki və hüquqi şəxslər üçün cərimə tədbiri tətbiq oluna bilər. 

Bununla belə, İntizam Komitəsinin cəriməni hansı hallarda və əsaslarla tətbiq edə bilməsi qanunvericilikdə aydın şəkildə göstərilməlidir. Başqa sözlə, əgər şəxsin ifadə azadlığına hər hansı müdaxilə ediləcəksə, bu müdaxilə qanunla nəzərdə tutulmalı, legitim məqsəd daşımalı və demokratik cəmiyyətdə zəruri olmalıdır.

Sözügedən pankart tənqidi xarakter daşıyır. Ancaq, onun məzmununda hər hansı təhqirə və ya digər nalayiq ifadəyə rast gəlinmir. 

AFFA rəsmisi deyib:“Azərbaycan əlifbasında “Ş” hərfi var. Bu hərf tarix boyu dollar işarəsi ilə göstərilə bilməz”. 

Amma yerli qanunvericilikdə məhz bu məzmunda bir pankartın açılmasına görə məsuliyyət nəzərdə tutan hər hansı norma yoxdur. 

Nə, İnzibati Xətalar Məcəlləsinin 514-cü maddəsi (Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsinə mane olma), nə də “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 40-1-ci maddəsi (Kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınması, ictimai təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi) bu məsələyə tətbiq edilə bilməz. 

AFFA-nın Nizamnaməsinin 1.5.ç maddəsinə görə, AFFA Lozanna (İsveçrə) İdman Arbitraj Məhkəməsinin (“CAS”) yurisdiksiyasını tanımaq öhdəliyi qəbul edib.

Məhkəmə “George Yerolimpos v. World Karate Federation” işində qeyd edib ki, Şura tənqiddə fakt səhvləri olsa belə, söz azadlığının və səlahiyyətli vəzifələrdə olan şəxsləri vicdanla tənqid etmək hüququnun qorunmasının vacibliyini vurğulamaq istəyir. 

Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təcrübəsi də tətbiq olunduğu yurisdiksiyalarda məcburi xarakter daşıyır. Bir sözlə, xəbərçilər (“whistle blowers”) digər sahələrdə olduğu kimi, idman oyunlarını idarə edən orqanların işlərində də yanlış idarəetmənin (və ya daha pisinin) ifşa edilməsində dəyərli xidmət göstərə bilərlər. 

“Vajnai Macarıstana qarşı” işində AİHM bildirib ki, Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində təmin edilən ifadə azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından birini və onun tərəqqisi və hər bir fərdin özünü gerçəkləşdirməsi üçün əsas şərtlərdən birini təşkil edir. 

Bu, 10-cu maddənin 2-ci bəndinə uyğun olaraq yalnız müsbət qəbul edilən və ya təhqiramiz və ya laqeydlik kimi qiymətləndirilən yox, eyni zamanda təhqir edən, şoka salan və ya narahatlıq yaradan “məlumat” və ya “fikirlərə” də şamil edilir. Belə ki, ifadə azadlığı istisnalara məruz qala bilsə də, onlar “dar mənada şərh edilməli” və “hər hansı məhdudiyyətlərin zəruriliyini inandırıcı şəkildə müəyyən edilməlidir”.

Bundan əlavə, tətbiq edilən məhdudiyyət demokratik cəmiyyətdə zəruri olmalı, yəni təxirəsalınmaz ictimai zərurətdən irəli gəlməlidir.

AFFA-nın “sabah təhqiramiz ifadələrin işləndiyi pankart açıla bilər və ya heç kimin başa düşmədiyi ingilis dilində söz yazılar və bu böyük bir rezonansa səbəb ola bilər”, yaxud da “Azərbaycan əlifbasında “Ş” hərfi var, bu hərf tarix boyu dollar işarəsi ilə göstərilə bilməz” kimi səbəblər gətirərək azarkeşlərin ifadə azadlığını məhdudlaşdırması hüquqi baxımdan əsaslı deyil. Çünki daxili qanunvericilik pankartlarla bağlı hansı hallarda məhdudiyyətlərin tətbiq edilə biləcəyini sadalayır. Buna görə də, AFFA-nın gətirdiyi əsaslardan heç biri “Kəpəz” azarkeşlərinin açdığı pankarta aid edilə bilməz.

Əgər AFFA rəsmisinin dediyi kimi, pankartlar öncədən müvafiq quruma göstərilməli və stadionda açılması üçün icazə alınmalıdırsa, o zaman nəyə görə pankart stadionun girişində əvvəlcədən yoxlanılmayıb və məhz stadionda nümayiş etdirildikdən sonra təsbit edilərək cərimə tətbiq olunub? AFFA bu məqama aydınlıq gətirməyib. Bu isə pankartın, xüsusilə, tənqidi məzmununa görə cəriməyə səbəb olduğu ilə bağlı nəticəyə gəlməyə əsas verir. 

Ümumiyyətlə, pankartın öncədən göstərilməsi tələbi senzura tətbiq etmək kimi qiymətləndirilə bilər. Halbuki Konstitusiyanın 50-ci maddəsi ictimai formada yayılan məlumatlara senzuranı qadağan edir. 

Bundan başqa, AFFA-nın İntizam Komitəsinin dil normalarının tələblərini yoxlamaq kimi səlahiyyəti də yoxdur. Qurumun Nizamnaməsi cərimə üçün əsas ola biləcək halları sadalayır. Bu, həm də pankart, plakart, transparan və s. kimi əşyaların xüsusiyyətinə zidd olan bir açıqlamadır. Belə ki, bu əşyalar stadionda azarkeşlər tərəfindən oyun, komandalar, futbol hadisələri və s. ilə bağlı ən müxtəlif məsələlərə münasibət bildirmək, başqa sözlə, özlərini ifadə etmək üçün vasitə kimi istifadə edilir. Ona görə də, bu cür əşyaların üzərində müxtəlif simvol, bəzək, yaxud da təsvirlərdən istifadə normal hal hesab olunmalıdır. 

Beləliklə, azarkeşlərin ifadə azadlığına müdaxilə qanunsuzdur. Bu müdaxilənin hansı legitim məqsədlə tətbiq edildiyi və hansı zərurətdən irəli gəldiyi AFFA tərəfindən əsaslandırılmayıb. Pankart məhz tənqidi məzmununa görə müdaxiləyə səbəb olub. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, AFFA-nın İntizam Komitəsinin “Kəpəz” klubunu “Nəticələriniz gözümüzü YA$ARdır” pankartına görə cərimələməsi ifadə azadlığının pozulması halıdır.