Nərimanın komandası məğlub oldu - Onu Amerikada nə gözləyir?
- 11:30
- 31
Nərimanın hələ də düşərgəsinə qoşula bilmədiyi komandası MLS-də ilk matçında məğlub olub ("Portland Timbers", 2:3). Bunlar yenə yaxşı qurtarıblar. Eyni divizonda olduqları Messinin komandası "İnter Mayami" ümumiyyətlə 0:3 hesabıyla uduzub. Yarış maraqlı başlayıb.
Ancaq ABŞ-ın futbol çempionatı düşünüldüyü qədər güclü çempionat deyil. Futbola "sokker" deyilən bu ölkədə futbol populyarlıqda "öz" futbolları (amerikan futbolu), basketbol, beyzbol, hokkeyə uduzur. Azarkeş dəstəyi var, tribunaların doluluq dərəcəsi pis deyil. Amma yenə də yarış "o deyil". Meydanda oynanılan futbolun səviyyəsi Avropanın nəinki böyük beşlik, heç eşelonla da müqayisə edilə bilməz.
Nəriman bir hücum oyunçusu olaraq burada rahat əl-qol aça biləcək, özünü göstərmək şansı qazanacaq. Çünki MLS-də müdafiə olunmağı bacarmırlar, sevmirlər. Bunu amerikan şou düşüncəsi ilə əlaqələndirmək də olar. Hər bir halda, hücumçuların özünü göstərməsi üçün uyğun liqadır. Düzdür, hazırda "Kolumbus Kryu"da ön xətdə rəqabət güclüdür. Hərmyerlimiz hələ ehtiyat komandada bir az uyğunlaşmalı, toparlanmalı, sonra əsas mübarizəyə girişməlidir.
Digərlərindən fərqli olaraq Nərimanın getdiyi şəhər daha çox məhz futbol şəhəridir. Azarkeşləri bu klubu çox sevirlər, onun üçün böyük fədakarlıqlar ediblər. Bir ara stadiona görə klubun Texasa köçürülməsi məsələsi qalxmış, məhz sadiq tərəfdarların yaratdığı "SaveTheCrew" (Dəstəni Xilas Edək) hərəkatı ilə dayandırılmışdı. "Kolumbus Kryu" MLS-in yaradıcılarından olan klubdur, 3 də çempionluqları var. Yəni bu şəhərdə futbolu sevirlər və yaxşı oynayan, komandası üçün döyüşənlərə layiqli qiymət verə bilirlər. Bu baxımdan Nəriman üçün hər şey yaxşı olacaq.