Misli Premyer Liqasının 5-ci turu çərçivəsində sentyabrın 3-də “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” matçından əvvəl baş tutan yüngül məşq zamanı zədələnmiş futbolçu Kenni Sayef, həmçinin onun əvəzinə adı start heyətinə salınmış və matçın ilk hissəsində eyni aqibəti yaşamış Vato Arveladze klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Rekord.az xəbər verir ki, bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.

Baş həkimin verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək.

Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.

Xatırladaq ki, “Sumqayıt” üzərində böyükhesablı (3:0) qələbədən sonra xalının sayını 12-yə yüksəldən “Neftçi” 5 turdan sonra 3-cü pillədə qərarlaşıb.