Rəhim Sadıxovu "Sumqayıt"ın tapıntısı saymaq olar. Azərbaycan əsilli olduğu əsas göstərilərək bu kluba cəlb olundu, oynamasına, daha da inkişaf etməsinə şərait yaradıldı. Yeni gələndə formada deyildi, sakit, quzu kimi idi. Yavaş-yavaş başını aşağı salıb futbolunu oynayır, inkişaf edir, artırırdı. Bu səbəbdən milliyə dəvət alması da təəccüblü görünmədi və ilk oyunlarından millidə də yaxşı mənada fərqləndi. Mətbuat da onun oyunundan çox yazdı, fərqləndirdi, dəstək oldu.

 

İndi həmin Rəhim "Zirə"də forma geyinir. Çox dəyişib. Meydançada dəymə-düşər olub. Özünü çox incə, nazlı aparır, mübarizələrə girişmir, kefinə düşəndə oynayır, kefinə düşəndə oynamır. Bir sözlə, əhval-ruhiyyə oyunçusu olub. Millidə də əvvəlki kimi seçilmir. Xarakteri də çox dəyişib. "Sumqayıt"a gələndə özünü quzu balası kimi aparan səmimi görünüşlü Rəhimi, eqolu Rəhim əvəzləyib. "Turan Tovuz"la oyundan sonra da bunun əyani şahidi olduq. Həmkarlarımdan eşitmişdim ki, bir neçə dəfə müsahibə üçün ona yaxınlıaşan jurnalistlərdən imtina edib. Dedik əyani yoxlayaq və oyundan sonra bir neçə jurnalistlər biz də yaxınlaşdıq. Yaxınlaşdıq və deyilənlərin həqiqət olduğunu gördük. Müsahibə götürmək istəyimizi bilən kimi saymazyana şəkildə "mən müsahibə vermirəm"deyib avtobusa qalxdı. Təbii, müsahibə verib-verməmək hər futbolçunun haqqı, hüququdur. Baxmayaraq ki, bu, həm də onun işidir, borcudur.  Futbolçusansa, futbol oynayırsansa, müsahibə də verməlisən, açıqlama da. Amma yenə də müsahibə verməməyi də futbolçunun hüququ sayıb keçək. Amma biri var bunu səmimi, mülayim şəkildə deyəsən, biri də var, saymazyana, eqolu şəkildə. Görünür Rəhim unudur ki, o bu gün Azərbaycan millisində, "Zirə"də oynayırsa, burada vaxtı ilə onun yaxşı mənada təbliğini edən, haqqında xoş fikirlər yazıb dəstəkləyən medianın da az rolu olmayıb. Rəhim bu hərəkəti ilə həmin mediaya qarşı hörmətsizlik edir, bununla öz insanı xarakterini, etika səviyyəsini ortaya qoyur. Bəlkə də burda bizim də az günahımız çoxdur. Kİ, bu cür xarakterli birilərini bu dərəcəyə qaldırırırıq və o da sonradan bizi saymır. Hər halda,  bu cürf addım atan futbolçu öncə təmsil etdiyi kluba, həmin klubun mətbuatla münasibətinə, rəhbəri altında oynadığı baş məşqçiyə, həmin məşqçinin mətbuatla münasibətinə baxmalıdır. Rəhim Sadıxovun 26 yaşı var. Amma onun 26 yaşında oynadığı futbol Rəşad Sadıqovun 36 yaşında oynadığı futbolun heç yarısı da deyil. Lakin Rəşad Sadıqov mediaya həm futbolçu vaxtı, həm də baş məşqçi kimi çalışdığı dönəmdə ən açıq futbolçulardan, baş məşqçilərdən biri olub, bu gün də belədi. Ragim Fuadoviç Sadıxov baxıb örnək götürsə, pis olmaz...

 

Anar XANLAROV