Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahidddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib.

 

Rekord.az xəbər verir ki, layihənin əsasnaməsinə uyğun olaraq ilk iki turda məktəbdaxili seçim mərhələsi və rayon (şəhər) birinciliklərini uğurla adlayan komandalar yarışda iştirak ediblər.

 

Hər birinin heyətində 10 oğlan və 4 qız olmaqla ümumilikdə 7 komanda qələbə uğrunda mübarizə aparıb. İştirakçılar sıra hazırlığı, intellektual müsabiqə, darağa patronun doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı və çadırın qurulması mərhələlərində bacarıqlarını nümayiş etdiriblər. Hər mərhələ münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib və nəticələr qayda pozuntuları da nəzərə alınmaqla ümumi şəkildə hesablanıb.

Qiymətləndirməyə əsasən, ən yüksək göstərici “Naxçıvan”a məxsus olub. Bununla da komanda muxtar respublika birincisi kimi ölkə üzrə final mərhələsində iştirak etmək hüququ qazanıb. Şahbuz və Ordubad məktəbliləri yarışı müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda tamamlayıblar. İlk üçlükdəki komandalara və üzvlərinə diplom, fəxri fərman və kubok təqdim edilib.

Qeyd edək ki, məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərilməsi məqsədinə xidmət edən “Şahin” hərbi-idman oyununun final mərhələsi Bakı şəhərində reallaşacaq. Həlledici mərhələnin may ayında keçirilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti