Naftalan şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin, Müdafiə nazirliyinin, Elm və Təhsil nazirliyinin, Fövqəladə Hallar nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının yüksək səviyyədə olması məqsədilə “Şahin” hərbi-idman oyununun şəhər mərhələsi keçirildi.

 

Rekord.az xəbər verir ki, şəhər stadionunda baş tutan hərbi-idman oyununda ilk öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirildi.

 

Daha sonra tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev qeyd etdi ki, bu gün ordumuzda böyük ruh yüksəkliyi var, düşmən üzərində qazanılan böyük qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücünü, vətənpərvərlik ruhunu bir daha bütün dünyaya sübut etdi. Bu cür oyunların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların hərbi-fiziki hazırlığının inkişaf etdirilməsi üçün çox əhəmiyyətli olduğunu bildirən idarə rəisi komandaların hər birinə uğurlar azuladı.

Şəhər məktəblərinin komandaları arasında doqquz mərhələ (“Sıra hazırlığı”, “İntellektual müsabiqə”, “Çadırın qurulması”, “Darağa patron doldurulması və boşaldılması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq”, “Fiziki hazırlıq”, “Maneələrin dəf olunması”, “Mülki müdafiə hazırlığı”) üzrə gərgin keçən mübarizədə Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin komandası yarışın qalibi olaraq zona mərhələsinə vəsiqə qazandı.