AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Mahir Məmmədovun qəzetimizin ötən sayına verdiyi açıqlama birmənalı qarşılanmadı.

Onun sözlərinə görə, Canni de Byazi yığmada az maaş qarşılığında çalışır. Və həmin pul yerli mütəxəssislərə təklif olunsa, millidə işləməyə razı olmazlar. Bununla bağlı bir neçə mütəxəssisə müraciət etdik ki, onların heç biri Mahir Məmmədovun səsləndirdiyi fikirlə razılaşmadı.

Yunis Hüseynov:

"Açığı, Mahir Məmmədovun dediklərini oxumamışam. Amma fikri olduqca yanlışdı. Özüm daxil, hər bir yerli məşqçinin Azərbaycan miillisində çalışması böyük şərəf olardı. Ona görə də öz mütəxəsislərimiz heç vaxt pul məsələsini qabartmazlar. Hansı məvacibi versələr, can-başla millidə işləməyə hazır olarlar. Açığı, heç kimin, o cümlədən də De Byazinin pulunu saymamışam. Kim nə qədər alır, verir, deyə bilmərəm. Ümumiyyətlə, pul söhbətlərindən maksimum uzaq qaçan adamam. Fikirim qətidi, millidə ancaq yerli mütəxəssislər çalışmalıdı. Azərbaycanlı məşqçilər həm futbolumuza, həm də futbolçularımıza yaxşı bələddi, nəinki əcnəbilər. Amma bir halda ki, yerli kadrlara şans verilmir və bu qəti qərardı, onda elə italiyalının postunda qalması məsləhətdi. Bəzi şəxslər bu fikrimi AFFA-da kimlərəsə yarınmaq kimi qəbul edirlər. Söylədiklərimi təhrif edərək, başqa yerə yozan və hamını özləri kimi bilənlər üçün bir daha təkrar edirəm. De Byazi 2 ildən çoxdu millimizə rəhbərlik edir, pis-yaxşı həm AFFA rəhbərliyi, həm də futbolçular ilə dil tapır. Azdan-çoxdan çempionatımıza da bələddi. Onun yerinə başqa bir əcnəbi məşqçi gətirməklə yenidən bir-iki il vaxt itirəcəyik. Seçmə mərhələdə uğursuz çıxış edəndə başlayacağıq qınamağa və "bunu da yola salaq" deyəcəyik. Ən əsası, De Byazinin əvəzinə gələn əcnəbi məşqçi, təbii ki, daha çox pul tələb edəcək. Bütün bu sadalananlardan sonra belə qənaətə gəlmişəm ki, italiyalını saxlamaq daha məntiqlidi”.



Sənan Qurbanov:

"Olduqca yanlış, qərəzli yanaşmadı. İstənilən yerli məşqçi millinin “sükanı arxasına” keçməklə böyük məsuliyyət altına girmiş olur. Adi azarkeş kimi himnimiz səslənəndə, üzünü görmədiyimiz əsgərimiz yaralanıb, həlak olanda göz yaşımızı saxlaya bilmirik. Ölkənin bir nömrəli komandasına rəhbərlik edərək, dövlət bayrağı altında beynəlxalq səviyyədə oyunlara çıxaran yerli mütəxəssislərin pul hərisi olduğunu düşünmürəm, hətta bu yolverilməzdi. Millidə çıxış etmək və onu çalışdırmaq böyük şərəf, qürur mənbəyidi. Hər bir azərbaycanlı məşqçinin öncə bunu düşündüyündən əminəm. Komandaya əcnəbi, yoxsa yerli mütəxəssisin rəhbərlik etməsinə gəlincə, təbii ki, azərbaycanlı daha yaxşı olardı. Amma əcnəbilərin də çalışmasının əlehinə deyiləm. Dünya futbolunda əcnəbi məşqçilərin yığmalara rəhbərlik etməsi adi haldı. Təki yaxşı nəticələr olsun".



Ağasəlim Mircavadov:

"Bu fikir tam yalnışdı. Özüm daxil, bütün yerli məşqçilər milliyə pul üçün can atmayıb. Mən yığmada çalışanda ölkədə inflyasiya gedirdi. Aldığım maaş da 17-18 dollar idi. Həmin pulla dolanmaq olmurdu. Buna rəğmən, pul haqda düşünməmişik. Hətta 90-cı illərdə klublarda da işləyəndə pul dalınca qaçmamışıq. Məqsədimiz potensialı olan gənc futbolçuları üzə çıxarmaq, normal komanda qurmaq idi. Ən ağır şərtlərdə belə millini özümüzdən çox fikirləşmişik və daim onun uğurları üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik. Heç bir azərbaycanlı məşqçi milliyə gəlir mənbəyi kimi baxmaz”.



Şahin Diniyev:

"Mahir Məmmədov nə deyibsə, şəxsi fikridi. Hər kəsin öz fikri var. Eləcə də kim nə qədər pul alır, gəlir əldə edir - belə mövzulardan həmişə uzaq olmuşam. Mənim işim futbolla bağlıdı. Futbolla bağlı məsələlərdən saatlar, günlərlə danışa bilərəm. Yerli məşqçilərin ölkənin əsas komandasında çalışmaq üçün maddiyyatı ön plana çəkməsinə gəlincə, düşünürəm ki, elə ola bilməz. Bu vaxta kimi heç bir yerli məşqçi Azərbaycan millisində pul üçün işləməyib, mən də həmçinin. Azərbaycanlı məşqçilərin hər biri üçün millidə çalışmaq karyeralarında zirvəyə qalxmaqdı. Əminəm ki, hər bir yerli mütəxəssis özünə bunu arzulayar. Yığmanın “sükanı arxasında” olmaq həm böyük məsuliyyət, həm də şərəf və qürur mənbəyidi. Ona görə də azərbaycanlı mütəxəssislər pul, var-dövlət yığmaq üçün milliyə gəlməz. Təbii ki, əcnəbilərin bəlli şərtləri var, ən birincisi də malliyədi. İstənilən əcnəbi məşqçi işinə görə bəlli qiymət tələb edə bilər və bu normaldı. Amma yerlilər həmişə millinin inkişafını, uğurunu şəxsi mənfəətindən öndə tutub”. ("Futbol plus")