"Sabah"ın baş məşqçisi Murad Musayev "Sumqayıt"la yoxlama görüşündən (1:2) sonra Rekord.az-a müsahibə verib:

 

- Öncə oyunla bağlı fikirlərinizi öyrənək...

- İlk oyun olduğu üçün çətin keçdi. Adi epizodlarda səhvlərə yol verdik. Bununla belə, yoxlama görüşü olduğu üçün hesab elə də önəmli deyil. Önəmli odur ki, oyunu zədəsiz başa vurduq.

- Bu günə qədər dörd transfer rəsmləşdirmisiniz. Davamı olacaq?

- Bəli, daha üç transfer gözlənilir. Sabah (bugün) böyük ehtimalla birini elan edəcəyik. Bolqarıstana gedənə qədər daha bir transferi açıqlamağı düşünürük. Daha bir transfer isə Bolqarıstan toplanışının gedişində nəzərdə tutulub. 

- Vagner Lavın adı "Sabah"la çəkilir. Bu məsələ nə yerdədir?

- Böyük ehtimalla o, bura gələsi olmayacaq. Düzdür, biz onunla danışıq apardıq, amma ortaq məxrəcə gələ bilmədik.

- "Sabah" əvəzedici komandasının fəaliyyətinə xitam verdi və I Divizionda oynamaqdan imtina etdi. Bu, nə dərəcədə məqsədəuyğundur?

- Əlbəttə, əvəzedici komanda klubun əsas tərkib hissəsidir. Çünki əsas komandanın baş məşqçisi də hansısa futbolçuları əvəzedici komandaya göndərib oyun praktikası qazanmasına nail olur, zədədən dönən futbolçuların forma yığması üçün əvəzedici komandanın imkanlarından istifadə edir. Təəssüf ki, belə qərar verildi və biz bütün bu prosesləri yalnız əsas komandanın daxilində etməli olacağıq. Amma deyim ki, bir mövsümlük verilən qərardı. Çünki əvəzedici komandanın demək olar ki, bütün futbolçularına digər Premyer Liqa klublarından təklif gəldi və onlar da icarəyə verildi. Əvəzedici komandanın varlığı xatirinə ordan-burdan futbolçu yığıb çempionatda iştirak da düzgün olmazdı. Bəlkə də indiki halda futbolçularımızın icarə şəklində Premyer Liqada oyun təcrübəsi toplaması bizim üçün daha müsbət olacaq. Amma təbii ki, əsas komandanın baş məşqçisi kimi, əvəzedici komandanın olmasını istərdim.

- Kaşukun taleyi necə olacaq?

- Kaşuk "Şaxtyor"a geri döndü və o komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak edir. "Şaxtyor" rəhbərliyi əksər legionerləri göndərməyə qərar verdiyi üçün yerli futbolçulara daha çox ehtiyac yaranıb. Səhv etmirəmsə, iyulun 25-də onların təlim-məşq toplanışı başa çatır və həmin tarixdən sonra nəyəsə aydınlıq gələ bilər.

- Keçən ilin noyabrında komandaya yeni gələndə demişdiniz ki, qarşınıza avrokuboklara vəsiq hədəfi qoyulmayıb. Bu mövsüm üçün hədəf nə olacaq?

- Birincisi, bununla bağlı rəhbərliklə görüşüb danışmalıyıq. İkincisi, transfer kampaniyası başa çatmalıdır. Əsas hədəfimiz təbii ki, bütün oyunlara qələbə üçün çıxmaq, ən azı bir addım irəli getmək, keçən mövsüm tutduğumuz mövqeydən daha yüksəkdə dayanmaq, avrokuboklara vəsiqə qazanmaqdı.

 

Kənan MƏSTƏLİYEV